×

News

News 09 Apr 2017
ADNSU və "Lean Consulting" şirkətinin təşkilatçılığı ilə I Milli Sənaye Mühəndisliyi Forumu keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və "Lean Consulting" şirkətinin təşkilatçılığı ilə I Milli Sənaye Mühəndisliyi Forumu keçirilib.

Tədbirdə layihələrin, istehsalın, təchizat zəncirinin və keyfiyyətin idarə olunması mövzuları müzakirə olunub. Forumda əsas qonaq qismində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Türkiyənin Yalın İnstitutunun prezidenti Yalçın İpbükən, SOCAR-ın Strateji İnkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev və SOCAR-ın İnsan Resursları Departamentinin direktoru Asif Bəkirli iştirak edib.

Tədbirin əvvəlində Kaliforniya Berkli Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin forum iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı forumun əhəmiyyətini qeyd edərək prezident İlham Əliyevin təsdiq etdiyi Strateji Yol Xəritələri, eyni zamanda Bakı Mühəndislik Universitetinin yaradılmasının bu cür tədbirlərin keçirilməsinə stimul verən amillər kimi qiymətləndirib. I Milli Sənaye Mühəndisliyi Forumunun keçirilməsi ilə bu cür tədbirlərin ənənə halını alacağını deyən rektor M.Babanlı əsas məqsədin sənayenin müxtəlif sahələri üzrə fəaliyyət göstərən peşəkərların bir araya gələrək sənayenin müxtəlif perspektivləri üzrə fikir mübadiləsi aparmaq, yerli və beynəlxalq təcrübələrdən faydalanmaq olduğunu bildirib. Milli Sənaye Mühəndisliyi Forumunun ildə bir dəfə keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən rektor, prof. Mustafa Babanlı gələcəkdə forumun beynəlxalq səviyyədə təşkil edilməsinin hədəfləndiyini əlavə edib.

Sənaye sahələri üçün peşəkar kadrların hazırlanmasının ADNSU-nun əsas hədəflərindən biri olduğunu deyən rektor M.Babanlı bunun üçün universitetdə bir çox işlər görüldüyünü qeyd edib: “Bizim əsas məqsədimiz odur ki, tələbələrimiz universiteti bitirməmiş işlə təmin olunsunlar. Bunun üçün universitetdə “eazi START” startap məktəbi fəaliyyət göstərir ki, tələbələr öz innovativ ideyaları ilə ali məktəbi təkcə iş yeri ilə deyil, hazır müəssisə sahibi kimi bitirə bilərlər. Bundan başqa universitetimizdə tətbiq olunan gündəlik təcrübə proqramı ilə tələbələrimiz təhsil aldıqları müddətdə öz ixtisaslarına uyğun müəssisələrdə təcrübə keçərək praktiki biliklərini gücləndirirlər”.

Hazırda ADNSU-da magistratura pilləsində təhsil alan tələbələrin 86%-nin işlədiyini deyən rektor Mustafa Babanlı gələcəkdə bakalavrların da təhsilini bitirməmiş işlə təmin olunmasını universitetin əsas hədəflərindən biri olduğunu qeyd edib.

Türkiyənin Yalın İnstitutunun prezidenti Yalçın İpbükən Forum təşkilatçılarına dəvətə görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi institutun tarixindən və gördüyü işlərdən danışıb. Sənaye müəssisəsinin inkişafı üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayan Yalçın İpbükən Yalın İnstitutunun təcrübəsini qeyd edib.

SOCAR-ın Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev çıxış edərək Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya"da həyata keçirilən yenidənqurma layihələrindən, bu istiqamətdə indiyədək görülən və icra olunması planlaşdırılan işlərdən danışıb.

SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli şirkətin kadr siyasəti, işə qəbul prosesi, daxili və xarici təqaüd proqramları barədə məlumat verib. Hazırda sənaye müəssisələrində mütəxəssis çatışmazlığı olduğunu deyən Asif Bəkirli bu problemin aradan qaldırılması üçün ali məktəblərlə istehsal müəssisələrinin birgə çalışmaqlarının vacibliyini vurğulayıb.

Forumda Akkord Steel Construction MMC-nin baş mühəndisi Orxan Mamedov, METAK şirkətinin satış və marketinq müdiri Tural Xəlfəyev, SOCAR-ın Nəqliyyat idarəsi, Material Ehtiyyatlarının İdarə Edilməsi şöbəsinin rəisi Toğrul Hidayətov, İNCERT MMC-nin baş direktoru Şamo Muradov, Delta Group LLC-nin planlama müdiri Seymur İlyasov, PMD Group LLC-nin təchizat müdiri Tural Vəzirov və project management consultant Ramiz Məmmədli çıxış edərək tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.

Sonda Forum iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Share