Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Almaniyanın “Senior Experten Service” (SES) təşkilatının eksperti, doktor Ulrix Şmidtlə görüşüb.
Görüşdə həmçinin ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, “Faydalı qazıntı yataqlarının geologiyasının işlənməsi” kafedrasının dosenti Ağamehdi Ağayev iştirak edib.
Qonağı ADNSU-da görməkdən məmnun olduğu bildirən rektor Mustafa Babanlı onun kimi mütəxəssisin burada olmasının universitet üçün əhəmiyyətini qeyd edib. ADNSU-nun 90 ildən çoxdur fəaliyyət göstərən zəngin mineral eksponatların toplandığı mineralogiya kabinetinin inkişaf etdirilməsi barədə keçən müzakirədə rektor, prof. M.Babanlı ekspertin fikirlərini, onun muzeyi daha da genişləndirmək, zənginləşdirmək üçün verdiyi təklifləri dinləyib.
ADNSU-nun mineralogiya kabinetinin regionun ən zəngin muzeylərindən biri olduğunu qeyd edən ekspert Ulrix Şmidt muzeyin inkişaf etdirilməsi üçün görülməli olan işlər haqqında öz fikirlərini bildirib. Ekspert minerologiya kabinetinin dünyanın bir çox muzeyləri ilə əməkdaşlığın, onlarla eksponat mübadiləsi edilməsi ilə daha da zənginləşdirməyin məqsədəuyğun olduğunu vurğulayıb.
Sonda universitetin minerologiya kabineti üçün göstərdiyi köməyə görə ekspert Ulrix Şmidtə təşəkkür edən rektor, prof. Mustafa Babanlı gələcək görüşlərə qədər artıq müəyyən işlərin görüləcəyinə ümid etdiyini qeyd edib.