×

News

News 13 Apr 2017
“SOCAR-Türkiyə”-nin rəhbərliyi ADNSU-da tələbələrlə görüşüb

Aprelin 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SOCAR Türkiyə” şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, “SOCAR-Türkiyə”nin insan resursları üzrə departamentinin rəhbəri Dinar Məmmədova, Əməliyyatlar üzrə departamentin rəhbəri Emil Eminov, “Star Rafineri” şirkətinin planlaşdırma və optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə SOCAR-Türkiyənin nəzdində olan müəssisələr, həyata keçirilən layihələr və digər faəliyyət istiqamətləri haqqında video sujet nümayiş olunub. “SOCAR-Türkiyə”, “Petkim” və digər şirkətlərlə əməkdaşlıqdan söz açan rektor M.Babanlı qeyd edib ki, tələbələr və məzunlar üçün “SOCAR–Türkiyə”nin təqdim edəcəyi layihələr onların təcrübə toplaması və gələcək karyera qurmaları üçün mühüm əhəmiyyət kəsb edir.  

““SOCAR-Türkiyə”nin  tələbə və məzunlara yaratdığı bu fürsəti yüksək qiymətləndiririk. Bizim hədəfimiz əlavə modullar və tələb olunan bilikləri vermək naminə çalışmaqdır”, - deyə rektor, professor M.Babanlı bildirib.

Tədbirdə tələbə və məzunlar üçün 2 əsas layihə təqdim olunub, tələbələrin yay təcrübəsi keçməsi   və “Star” şirkətində  mütəxəssis kimi işləməsi məsələləri müzakirə edilib.

“SOCAR-Türkiyə”nin Əməliyyatlar üzrə departamentinin rəhbəri E.Eminov təmsil etdiyi şirkətin yaranma tarixindən, fəaliyyətindən, həyata keçirdiyi beynəlxalq layihələrdən və qarşıda duran məsələlərdən, həmçinin  mühüm inkişaf mərhələlərindən danışıb. Qeyd edilib ki, SOCAR bu gün Türkiyədə 1 nömrəli investor olmaqla mühüm layihələrə investisiyaların cəlb edilməsini həyata keçirir. Türkiyə isə bu işdə körpü rolunu oynayır.

“Star” neft emalı zavodunun fəaliyyətindən danışan E.Sarıbaş qeyd edib ki, inşa olunan bu müəssisə dünyanın ekoloji cəhətdən ən sağlam, səmərəli və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.  

Daha sonra SOCAR-Türkiyə şirkətinin İnsan resursları üzrə rəhbəri Dinar Məmmədova tələbələrə proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Seçim imtahan və müsahibə əsasında aprel ayının sonunda keçiriləcək.

Sonda SOCAR-Türkiyə şirkətlər qrupunun nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırdılar.


Share