×

News

News 14 Apr 2017
ADNSU-da SABAH qruplarının tələbələri üçün güzəştli dil kursları keçiriləcək

Aprelin 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH qruplarının tələbələri üçün Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkil etdiyi güzəştli dil kursları haqqında təqdimat keçirilib.

Tədbirdə SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə, DAAD-ın Bakıdakı Məlumat Mərkəzinin rəhbəri Stefani Düfo (Stefanie Dufaux), Almaniyanın Höte adına Dövlət Mədəniyyət İnstitunun rəsmi tərəfdaşı olan Alman Dili Tədrisi Mərkəzinin direktoru Zəhra Əliyeva, DAAD Bakı ofisinin əməkdaşı Rəna Hüseynova və Almaniyanın Kiel Universitetinin müəllimi Azər Əliyev iştirak edib.

SABAH-ın təkcə tədrisin keyfiyyətini qaldırmaqla deyil, həm də tələbələrin akademik fəaliyyətlərini inkişaf etdirə bilmələri üçün geniş imkanlar yaratdığını deyən Şahin Seyidzadə bu dil kurslarının SABAH tələbələri üçün xüsusi şərtlərlə güzəştli xidmət təklif etdiyini vurğulayıb. Alman dilinin tələbələrin öz karyeralarını peşəkar səviyyədə inkişaf etdirə bilmələri üçün vasitə olduğunu bildirən Ş.Seyidzadə bu dili öyrənməklə tələbələrin öz gələcəklərinə investisiya qoymaq şansı əldə edəcəklərini qeyd edib.

Təhsilin insan həyatında geniş imkanlar açan bir şans olduğunu deyən Stefani Düfo DAAD-ın yay məktəbləri, dil kursları və təqaüd proqramları haqqında tələbələrə məlumat verib.

Alman Dili Tədrisi Mərkəzinin direktoru Zəhra Əliyeva və DAAD-ın əməkdaşı Rəna Hüseynova Almaniyada təhsil, dil kursları və tələbələrə təklif edilən güzəştli kurslar haqqında geniş təqdimatla çıxış ediblər.


Share