×

News

News 15 Apr 2017
ADNSU-da Birinci Fransa-Azərbaycan İş və Karyera Sərgisi keçirilib

Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetində (UFAZ) Birinci Fransa-Azərbaycan İş və Karyera sərgisi keçirilib.

Fransanın ölkəmizdəki səfirliyinin, Azərbaycandakı Fransız İnstitutunun, “Campus Fransa Azərbaycan”ın təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə keçirilən sərgidə Fransa və Azərbaycandan 16 şirkət iştirak edib.

Sərginin əvvəlində keçirilən mətbuat konfransında çıxış edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez sərginin Fransa-Azərbaycan əlaqələrinə böyük töhfə verəcəyini bildirib. ADNSU-nun nəzdində yaradılan Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında danışan xanım səfir burada 141 tələbənin təhsil aldığını və gələcəkdə bu rəqəmin 300-ə çatdırılacağını qeyd edib.

Fransada təhsil alan azərbaycanlı tələbələrin hazırda yüksək vəzifələrdə çalışdığını deyən Orelia Buşez sərginin Fransa şirkətləri ilə azərbaycanlı məzunlar arasında bir ünsiyyət vasitəsinə çevriləcəyini vurğulayıb.

UFAZ-ı iki ölkə arasındakı münasibətlərin nəticəsi kimi qiymətləndirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib. Fransa universitetlərinin məzunu olan azərbaycanlı tələbələrin 94%-nin işlə təmin olunmasını Fransadakı yüksək təhsil sistemi ilə əlaqələndirən rektor M.Babanlı UFAZ tələbələrinin də gələcəkdə işlə təmin olunmasında heç bir problemin olmayacağına inandığını qeyd edib. Fransa universitetlərinin məzunlarının UFAZ tələbələri ilə mütəmadi görüşlərinin keçirilməsini təklif edən rektor, prof. Mustafa Babanlı bunun gənclərə böyük stimul verəcəyini bildirib.

Rektor M.Babanlı artıq bir çox xarici ali məktəblərin UFAZ-la yaxından maraqlandığını və bu təcrübəni öz universitetlərində tətbiq etmək istədiklərini dilə gətirib.

"Total" şirkətinin prezidenti Döni Lömarşal UFAZ layihəsinin daha böyük uğurlar qazanacağına inandığını bildirib. Təmsil etdiyi şirkətin dünyanın 130 ölkəsində fəaliyyət göstərdiyini qeyd edən Döni Lömarşal “Total”ın təhsilə böyük önəm verdiyini və tələbələri təqaüd proqramları vasitəsilə təhsil almağa göndərdiyini deyib. “Total” şirkətinin indiyədək 44 azərbaycanlı tələbəni Fransaya təhsil almağa göndərdiyini deyən Döni Lömarşal Fransa universitetləri məzunlarının əksəriyyətinin hazırda müxtəlif böyük şirkətlərdə çalışdıqlarını bildirib.

Birinci Fransa-Azərbaycan İş və Karyera sərgisinin önəmini qeyd edən Fransa-Azərbaycan Ticarət və Sənayə Palatasanın direktoru Nərminə Səfərova təmsil etdiyi qurum haqqında tədbir iştirakçılarına məlumat verib.

Bu cür tədbirlərin Fransa-Azərbaycan əlaqələrinə böyük töhfə verəcəyini deyən “Cointeg” şirkətinin direktoru Ramin Məmmədov rəhbərlik etdiyi qurum haqqında informasiya verib.

Sonra Fransada təhsil almış azərbaycanlı məzunlar üçün iş və karyera sərgisi baş tutub.


Share