Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) poliklinika şöbəsində talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib. ADNSU-nun professor-müəllim və işçi heyəti ilə yanaşı tələbələr də qanvermə aksiyasında könüllü olaraq iştirak edib, qana ehtiyacı olan insanlara kömək üçün bu humanist aksiyaya qoşulublar.
Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlığı yerindəcə müəyyən olunub və onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün saxlanılıb.