×

News

News 19 Apr 2017
ADNSU-da Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransı öz işinə başlayıb

Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Avropa Yer Elmləri və Mühəndisləri Assosiasiyasının (EAGE) Azərbaycan Bölməsi və Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransı öz işinə başlayıb.

“Əla təhsil – Neftçıxarmada müvəffəqiyyətin rəhnidir” şüarı ilə keçirilən konfransın məqsədi gənclərə öz peşə istiqamətləri üzrə güclü təməli inkişaf etdirərək gələcəkdə öz ixtisasları üzrə peşəkar olub və müasir texnologiyalar ilə ayaqlaşmağa yardım etməkdir.

SOCAR, BP, Schlumberger, Total, Statoil şirkətlərinin dəstəyi ilə keçirilən tədbirdə xarici ölkələrin ali təhsil müəssisələrindən məruzəçilər iştirak ediblər.

SOCAR-ın Strateji İnkişaf üzrə vitse-prezidentinin müşaviri Akif Nərimanov açılış nitqi ilə çıxış edərək konfransın əhəmiyyətini qeyd edib və reqlament haqqında məlumat verib.

ADNSU-nun elm və texnika işləri üzrə prorektoru, t.e.d. Rauf Əliyarov iştirakçılara universitetin tarixi haqqında məlumat verərək hazırda burada görülən işlərdən danışıb.

Bu konfransın təşkil olunmasında göstərdiyi dəstəyə görə ADNSU rəhbərliyinə öz minnətdarlığını bildirən BP şirkətinin Geoloji-kəşfiyyat bölməsinin baş mütəxəssisi Arzu Cavadova konfransın effektiv keçməsi üçün hər kəsi əlindən gələni etməyə çağırıb.

Sonra konfransda müxtəlif seksiyalarda iştirakçıların məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans aprelin 22-də öz işini başa vuracaq.


Share