×

News

News 19 Apr 2017
ADNSU-nun rektoru Strasburq Universitetinin vitse-prezidenti ilə görüşüb

Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti, xarici tədqiqat və təlim koordinatoru, professor Filip Turek ilə görüşüb. Qeyd edək ki, Strasburq Universiteti ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) layihəsi üzrə ali məktəbin tərəfdaşıdır. Görüşdə UFAZ-ın idarəçilik və tədris məsələləri, görüləcək işlər və gələcək planlar müzakirə olunub. Tərəflər UFAZ-dakı tədris prosesi, professor və müəllim heyəti, laboratoriyaların təşkili, maliyyə məsələləri, fransalı pedaqoqların cəlb olunması, tədris planları və digər məsələlər ətrafında müzakirələr aparıblar. Görüşdə növbəti tədris ilindən UFAZ tələbələri üçün beynəlxalq standartlara cavab verən laboratoriyaların qurulması məsələsinə də toxunublar. ADNSU-nun rektoru, professor M.Babanlı fransalı professor və pedaqoqların UFAZ-a cəlb olunmasını və növbəti ildən daha geniş müəllim heyətinin yığılmasının əhəmiyyətini Strasburq Universitetinin nümayəndəsinin diqqətinə çatdırıb. Professor Filip Turek öz növbəsində UFAZ-da tədris prosesi və tələbələrin davamiyyəti ilə tanış olduğunu və azərbaycanlı tələbələrin bilik göstəricilərindən məmnun qaldığını bildirib.

UFAZ-da tədris prosesini müşahidə etmək məqsədilə hər ay Fransadan bir ekspert Azərbaycana ezam olunur. Ekspertlər universitetdəki dərs prosesi və cədvəlləri, müəllimlərin tədris metodlarını və digər prosesləri izləyir, cari məsələləri müzakirə edirlər.


Share