Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qazma Podratçıların Beynəlxalq Assosiasiyasının (İADC) Avropadakı Əməliyyatlar üzrə regional vitse-prezidenti Jens Hoffmark ilə görüş keçirilib. Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı ADNSU-da aparılan tədris prosesi, eləcə də tələbələr və yeni layihələr haqqında danışıb. Beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi və yeni əməkdaşlıq layihələri haqqında danışan rektor, mübadilə proqramları ilə yanaşı universitetdə təhsil alan əcnəbi tələbələr barədə də qonaqlara məlumat verib. Universitetdə olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyən İADC-nin regional vitse-prezidenti Jens Hoffmark ADNSU-dakı tədrsi prosesini yüksək qiymətləndirib. Fəaliyyəti və dünyada neft və qaz qazma üsulları haqqında danışan qonaq təmsil etdiyi assosiasiyanın missiyaları haqqında məlumat verib.
Daha sonra İADC-nin regional vitse-prezidenti Jens Hoffmark Qaz-neft mədən fakültəsinin tələbə və müəllimləri ilə görüşüb. Şəxsi inkişaf və təcrübə perspektivləri haqqında tələbələrə danışan qonaq yeni innovativ texnologiyaların tətbiqi və digər texnoloji üsullar haqqında məlumat verib.
Qeyd edək ki, Qazma Podratçıların Beynəlxalq Assosiasiyası (İADC) qeyri-kommersiya təşkilatıdır və 1940-cı ildən bəri Dünya neft və qaz qazma sənayesini təmsil edir. Şirkət eyni zamanda neft və qaz kəşfiyyatı, qazma və ya istismar, quyu tikintisi, neft-mədən avadanlığının istehsalı və başqa quyu xidmətləri ilə məşğul olan 1600 üzvü özündə birləşdirir.