×

Xəbərlər

Xəbərlər 01 May 2017
ADNSU əməkdaşları Qazaxıstanda beynəlxalq təhsil sərgisində iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşları Pərvin Əzizova və Nərmin Həmidli aprelin 27 və 28-də Qazaxıstan Respublikasında Atırau Neft və Qaz Universitetinin təşkil etdiyi “Education 2017” adlı beynəlxalq təhsil sərgisində iştirak ediblər. Sərgidə iştirakın əsas məqsədi Atırau şəhərinin şagird, tələbə və məzunlarına ADNSU-nu tanıtmaq, universitetin akademik və beynəlxalq fəaliyyəti barədə məlumat vermək və qazaxıstanlı şagird və tələbələri universitetə təhsil almağa cəlb etməkdən ibarət idi. ADNSU əməkdaşları sərgidə universitetdə əcnəbi tələbələr üçün nəzərdə tutulmuş mövcud təhsil proqramları, onların təhsili və yaşayışı üçün yaradılan şərait haqqında ətraflı məlumat veriblər. Sənaye şəhəri olan Atırau tələbələrinin ADNSU-ya və Bakıda təhsil almağa marağı böyük olub, universitetimizdə təhsilə maraqlı olan tələbələrin əlaqə məlumatları toplanıb. ADNSU əməkdaşları Atırau Neft və Qaz Universitetinin prorektoru prof. Maydırova A.B ilə görüşüb, əməkdaşlıq imkanları haqqında müzakirələr aparıblar. Atırauda həmçinin Sənaye Müəssisəsi İşçilərinin İxtisasartırması və Yenidənhazırlığı İnstitutunun səlahiyyətli nümayəndəsi Camanbayev S.E. ilə də görüş keçirilib. Sərgidə iştirakına görə Atırau Neft və Qaz Universiteti ADNSU-nu diplomla təltif edib.


Paylaş