Dekabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı ali məktəbin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.
UFAZ-ın azərbaycanlı gənclərin dünya standartlarına uyğun təhsil alması üçün əhəmiyyətini vurğulayan rektor, professor M.Babanlı Strasburq Universitetinin tədris proqramı əsasında keçilən dərslərin tələbələrin peşəkar kadr kimi yetişmələri üçün gözəl imkanlar açdığını bildirib. UFAZ-ın tələbələrinin yüksək biliyə sahib gənclər olduğunu qeyd edən rektor M.Babanlı burada tədris prosesinin Azərbaycan və Fransa tərəfindən əldə edilmiş razılaşmaya uyğun şəkildə, qarşılıqlı öhdəliklərə əməl olunmaqla təşkil olunduğunu söyləyib. Rektor M.Babanlı UFAZ-a direktor təyin olunmuş Vazeh Əsgərovu tələbələrə təqdim edərək onun təyinatı ilə UFAZ-da təhsil sisteminin daha da təkmilləşəcəyini qeyd edib.
Vazeh Əsgərov müstəqillikdən sonra Azərbaycan-Fransa qarşılıqlı əlaqələrinin inkişafı sayəsində tələbə mübadiləsinin artmasından danışıb, o bu prosesin gələcəkdə UFAZ-ın yardımı ilə daha da təkmilləşəcəyini qeyd edib. “Təhsiliniz sizin bank hesabınızdır. Siz UFAZ-da yeni biliklər öyrənməklə hesabınızı hər gün bir az daha artırmış olursunuz”, – deyə Vazeh Əsgərov söyləyib.
Sonda Rektor Mustafa Babanlı və Vazeh Əsgərov tələbələrin tədris sistemi, sosial fəaliyyət, imtahan prosesi, təqaüd, dərs qrafiki ilə bağlı suallarını cavablandırıb.