×

News

News 21 Jan 2017
ADNSU və UFAZ-da universitetin İctimai Etimad Şurası nümayəndələrinin iştirakı ilə mediatur keçirilib

Yanvarın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və ali məktəbin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetində (UFAZ) payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib.

Media turda iştirak edən ADNSU-nun İctimai Etimad Şurasının üzvləri, millət vəkilləri, QHT və KİV rəhbərləri, jurnalistlər əvvəlcə UFAZ-ın auditoriyalarını gəzib, imtahan prosesini izləyiblər.

Fransız-Azərbaycan Universitetinin icraçı direktoru Vazeh Əsgərov  UFAZ haqqında tədbir iştirakçılarına məlumat verib.  UFAZ-da tədris olunan  ixtisaslar, tələbə kontingenti və tədris üsulları haqqında danışıb. O imtahan prosesində yarana biləcək mənfi halların araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə operativ qərargahın fəaliyyət göstərdiyini qeyd edib.

Daha sonra mediatur iştirakçıları ADNSU-nun auditoriyalarında olub imtahan prosesini müşahidə ediblər. Mediaturdan sonra ADNSU-nun İcimai Etimad Şurasının iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlının da iştirak etdiyi toplantıda İctimai Etimad Şurasının üzvləri ADNSU və UFAZ-da imtahanların gedişatı ilə bağlı təəssüratlarını bölüşüb, son 1 il ərszində ali məktəbdə baş vermiş dəyişikliklərdən məmuniyyətlərini ifadə ediblər.

ADNSU-nun rektoru, professor M.Babanlı ADNSU və UFAZ-da imtahan prosesinin gedişatı və ümumilikdə ali məktəbdə gerçəkləşdirilən islahatlarla bağlı verdikləri yüksək qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Rektor M.Babanlı ali məktəbdə baş vermiş dəyişikliklərin ADNSU-nun Avropa standartlarına uyğun universitetə çevrilməsi istiqamətində qət edilməli olan yolun başlanğıcı olduğunu qeyd edərək hazırda islahatların davam etdiyini bildirib.

İctimai Etimad Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, millət vəkili Aydın Mirzəzadə ADNSU-nun Azərbaycanın qocaman və ənənəsi olan universitetlərindən biri olduğunu qeyd edib və bu ali məktəbin bir sıra parametrlərinə görə seçildiyini vurğulayıb. O eyni zamanda ADNSU-nun  fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib.

ADNSU-nun İctimai Etimad Şurasının üzvü, millət vəkili, Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu universitetin ölkə sənayesi üçün peşəkar kadrlar yetişdirdiyini vurğulayıb.

İclasda çıxış edən “XXI əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev Şuraya bəzi təkliflərini verib. O ADNSU-dakı mühiti tələbələrin təhsil almağa stimullaşdırılması baxımından çox müsbət adlandırıb.

Rektor, professor M.Babanlı ADNSU-nun İctimai Etimad Şurası üzvlərinə universitet haqda söylədikləri dəyərli fikirlərə görə təşəkkürünü bildirib. O İctimai Etimad Şurasının formal qurum yox, işlək mexanizmlərə və geniş səlahiyyətə malik bir qurum kimi fəaliyyət göstərməsi üçün hər bir şərait yaratmağa hazır olduğunu vurğulayıb.


Share