Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 11 nəfər tələbəsi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Məhəmməd Bin Rəşid Kosmik Mərkəzində (MBRSC) təcrübə proqramında iştirak ediblər.
“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən təcrübə proqramında ümumilikdə 15 nəfər azərbaycanlı tələbə iştirak edib.
Təcrübə proqramında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsinin və Milli Aviasiya Akademiyasının bakalavr səviyyəsində kosmik, aerokosmik mühəndislik, süni intellekt, STEM sahəsi üzrə biliyə sahib, digər texniki ixtisaslar üzrə təhsil alan tələbələri, həmçinin “Technest” təqaüd proqramının məzunları iştirak ediblər.
Proqram tələbələrə texnoloji innovasiyaların bəşəriyyətin gələcəyini necə formalaşdıra biləcəyinə nəzər salmaq imkanı verən Gələcək Muzeyinə baş çəkməklə yekunlaşıb. Təcrübə keçmiş tələbələr xüsusi sertifikatlarla təltif edilərək məzun statusu alıblar.
Qeyd edək ki, bir həftə davam edən proqram zamanı tələbələr MBRSC ekspertlərinin rəhbərliyi altında praktiki təlim sessiyalarında iştirak edib, texniki problemləri və tədqiqat tapşırıqlarını yerinə yetiriblər. Tələbələr kosmik və aerokosmik analoq sistemlər, informasiya təhlükəsizliyi, kompüter və elektron mühəndisliyi, astronavt hazırlığı da daxil olmaqla geniş spektrli mövzuları araşdırıblar. Proqram elmi və texnoloji təcrübənin qlobal artımına töhfə verən yeni nəsil kosmik alim və mühəndisləri ruhlandırmaq məqsədi daşıyır. 2006-cı ildə yaradılan Məhəmməd Bin Rəşid Kosmik Mərkəzi BƏƏ-nin “Milli Kosmik Proqramı”nın inkubatorudur. Mərkəz bir sıra müşahidə peyklərinin yaradılması, inkişafı və istismarı, təsvir xidmətlərinin göstərilməsi, onların təhlili və tədqiqi, eləcə də dünya üzrə elmi icmalar və tədqiqat mərkəzləri üçün müvafiq məlumatların hazırlanması vəzifələrini icra edir. Mərkəzin qlobal məhsulları arasında hazırlanmış “DubaiSat-1” və “DubaiSat-2” peykləri yer alır. Mərkəzin təşəbbüsləri arasında 2021-ci ildə Mars orbitinə çatan ilk ərəb missiyası – “Emirates Mars” da var. Missiyanın məqsədi Mars atmosferi haqqında mühüm elmi məlumatları toplamaqdan ibarətdir.