×

Xəbərlər

Xəbərlər 25 Aug 2026
ADNSU əməkdaşlarının elmi məqaləsi Q1 kvartilli “Energies” jurnalında dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Mexanika mühəndisliyi” kafedrasının dosentləri Əlövsət Bağırov, Gülbala Ələsgərov, həmçinin “Proseslərin təhlükəsizliyi mühəndisliyi” kafedrasının müəllimi Coşqun Rüstəmzadə və “Neft-qaz mühəndisliyi” kafedrasının müəllimi Şəhriyar Bağırovun həmmüəllifi olduqları elmi məqalə “Scopus” verilənlər bazasında indekslənən və Q1 kvartilinə daxil olan “Energies” jurnalında dərc olunub. 

“Səmt neft qazı ilə işləyən dəniz qaz-motor kompressorlarında yanma sabitliyi” (“Combustion Stability of Offshore Gas Motor Compressors Operating on Associated Petroleum Gas”) adlı məqalədə Azərbaycanın dəniz yataqlarında qazlift üsulu ilə neftçıxarma, eləcə də təbii qazın yığılması və nəqli sistemlərində istifadə olunan qaz-motor kompressorlarında yanma proseslərinə təsir edən amillər araşdırılıb. 

Tədqiqat real mədən məlumatlarının təhlilinə əsaslanıb. Araşdırma çərçivəsində səmt neft qazının tərkibinin, üfürücü hava təzyiqinin və kompressorun yüklənmə dərəcəsinin yanma sabitliyinə birgə təsiri qiymətləndirilib.

Tədqiqatın əsas nəticəsi kimi Yanma Sabitliyi İndeksi (CSI) və Temperatur Dispersiya Əmsalı (TDC) adlı iki yeni yanma diaqnostika göstəricisi işlənib hazırlanıb və sənaye şəraitində təsdiqlənib. Göstəricilər müntəzəm olaraq izlənilən işlənmiş qaz temperaturları əsasında hesablanır və əlavə ölçmə avadanlığı tələb etmir.

Təklif olunan metodologiyanın qaz kompressor qurğularında proqnozlaşdırıcı diaqnostika, vəziyyətə əsaslanan texniki xidmət və rəqəmsal monitorinq sistemlərinin tətbiqi, eləcə də avadanlıqların daha səmərəli idarə olunması üçün istifadə oluna biləcəyi qeyd edilir.


Paylaş