×

Xəbərlər

Xəbərlər 21 Aug 2026
ADNSU əməkdaşının araşdırması nüfuzlu Springer-in nəşr etdiyi kitabda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris departamentinin İnformasiya və statistika şöbəsinin müdiri Həcər Eldarovanın həmmüəllifi olduğu elmi araşdırma dünyanın aparıcı beynəlxalq akademik nəşriyyatlarından biri olan Springer-in nəşr etdiyi kitabda dərc olunub.

Həcər Eldarova və Webster University Tashkent-də Keyfiyyət təminatı və akademik heyətin inkişafı üzrə koordinatoru Heydər Rzayevin həmmüəllifi olduqları “Qabaqcıl təcrübələr və nümunəvi halların təhlili” (“Good Practices and Case Studies”) adlı bölmə “Təhsil islahatlarının istiqamətləndirilməsi: Keçid ölkələrində dekolonizasiya və keyfiyyət təminatı – beynəlxalq kontekstdə Azərbaycandan düşüncələr və təcrübələr” (“Navigating Educational Reform: Decolonization and Quality Assurance in Transition Countries: Reflections and Experiences from Azerbaijan in An International Context”) kitabında yer alıb.

Araşdırmada Azərbaycanın ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin formalaşması, inkişafı və qabaqcıl təcrübələr təhlil edilib. Tədqiqat çərçivəsində 12 dövlət və özəl ali təhsil müəssisəsinin təcrübəsi araşdırılıb.

Araşdırmada özünüqiymətləndirmə proseslərinin təşkili, maraqlı tərəflərin rəylərinin öyrənilməsi, akkreditasiyaya hazırlıq mexanizmləri və rəqəmsal analitikadan istifadə kimi istiqamətlər üzrə tətbiq olunan yanaşmalar sistemləşdirilib. Eyni zamanda, Azərbaycanın ali təhsil sistemində ənənəvi keyfiyyətə nəzarət yanaşmalarından strateji, nəticəyönümlü və davamlı təkmilləşdirməyə əsaslanan daxili keyfiyyət təminatı modelinə keçid prosesi nəzərdən keçirilib.

Kitabın beynəlxalq redaktor heyətində ali təhsildə keyfiyyət təminatı üzrə tanınmış ekspert Dr. Achim Hopbach, Böyük Britaniyanın Middlesex Universitetinin professoru Professor Paul Thomas Gibbs, Webster International üzrə icraçı vitse-prezident Ryan Guffey, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Webster University Tashkent-də Keyfiyyət təminatı və akademik heyətin inkişafı üzrə menecer İlham Hümbətov və Qarabağ Universitetinin “Humanitar və sosial elmlər” fakültəsinin dekanı Elmar Mustafayev yer alıb.

Springer-in “Təhsil üzrə SpringerBriefs” (“SpringerBriefs in Education”) seriyasında nəşr olunan kitab Azərbaycanın ali təhsil sistemində aparılan islahatların və keyfiyyət təminatı sahəsində formalaşmış təcrübənin beynəlxalq akademik auditoriyaya təqdim edilməsi baxımından əhəmiyyət daşıyır.

Həcər Eldarovanın həmmüəllifi olduğu araşdırmanın nüfuzlu beynəlxalq akademik nəşrdə yer alması ADNSU əməkdaşlarının ali təhsilin idarə edilməsi və keyfiyyət təminatı sahəsində elmi fəaliyyətinin beynəlxalq müstəvidə təmsil olunması baxımından mühüm nəticədir.


Paylaş