×

Xəbərlər

Xəbərlər 25 Aug 2026
ADNSU nümayəndələri “SEE Pakistan 2026” çərçivəsində beynəlxalq təlimdə iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri və tələbələri “SEE Pakistan 2026” – Dünya Startap Çempionatı çərçivəsində Pakistanın Lahor şəhərində keçirilən iki günlük beynəlxalq təlim proqramında iştirak ediblər.

Təlim proqramı startapların biznes modellərinin təkmilləşdirilməsi, investisiyaya hazırlıq, beynəlxalq bazarlara çıxış və investorlarla əlaqələrin qurulması istiqamətlərini əhatə edib.

Proqram çərçivəsində süni intellekt, iqlim və kənd təsərrüfatı texnologiyaları, rəqəmsal iqtisadiyyat, beynəlxalq bazarlara çıxış və investisiya cəlbi mövzularında panel müzakirələri və praktiki sessiyalar keçirilib. İştirakçılar müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, problemin təsdiqlənməsi, məhsulun bazara uyğunluğu, dəyər təklifi və biznes modelinin formalaşdırılması üzrə çalışmalar aparıblar.

Startap komandaları hüquq, maliyyə, marketinq, texnologiya, insan resursları, ixrac və investisiya üzrə ekspert və mentorlarla fərdi görüşlər keçirərək layihələrinin inkişafı ilə bağlı tövsiyələr əldə ediblər.

İkinci gün startapların investorlara təqdimata hazırlanması və maliyyələşmə imkanları əsas mövzulardan olub. İlkin maliyyələşmə, fərdi investorlar, vençur kapitalı, dövlət qrantları və investisiya şərtləri barədə sessiyalar keçirilib.

İki günlük təlim ADNSU komandaları üçün layihələrin biznes modelini və təqdimatlarını təkmilləşdirmək, beynəlxalq mentor və investorlarla əlaqələr qurmaq, həmçinin startap ekosisteminin müxtəlif iştirakçıları ilə təcrübə mübadiləsi aparmaq baxımından əhəmiyyətli imkan yaradıb.


Paylaş