Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə ADNSU ilə Əməyin Mühafizəsi Mərkəzi arasında təhsil, elmi-tədqiqat və laboratoriya fəaliyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Müzakirələr zamanı laboratoriya infrastrukturunun inkişafı və attestasiyası, ISO/IEC 17025 standartının tələblərinə uyğun laboratoriya sistemlərinin qurulması, müasir ölçmə və analiz metodlarının tətbiqi, həmçinin laboratoriyalararası müqayisə sınaqlarının təşkili məsələlərinə toxunulub.
Görüşdə ADNSU-nun Proseslərin Təhlükəsizliyi və Mühəndisliyi kafedrası ilə əməkdaşlıq imkanlarına da xüsusi diqqət yetirilib. Tədris proqramlarının əmək bazarının və sənayenin müasir tələblərinə uyğun təkmilləşdirilməsi, birgə təlimlərin keçirilməsi, tələbələrin istehsalat təcrübəsinə cəlb olunması və praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, SABAH.city layihəsi çərçivəsində ADNSU-nun Ekoloji Monitorinq Laboratoriyası ilə Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlığın qurulması imkanları müzakirə edilib. Laboratoriya imkanlarından birgə istifadə, elmi-praktiki fəaliyyətlərin həyata keçirilməsi, ölçmə və monitorinq metodlarının tətbiqi üzrə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Tərəflər, həmçinin birgə elmi-tədqiqat layihələrinin hazırlanması, elmi-praktiki tədbirlərin təşkili, standartlaşdırma sahəsində əməkdaşlıq və beynəlxalq layihələrdə birgə iştirak imkanlarını müzakirə ediblər.
Görüşün sonunda müzakirə olunan istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılıq əldə olunub.