×

Xəbərlər

Xəbərlər 25 Aug 2026
ADNSU-nun AIRT layihəsi beynəlxalq startap müsabiqəsində I yerə layiq görülüb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)  Pakistanın Lahor şəhərində yerləşən Superior Universitetində keçirilən “World Startup Championship 2026” (2026-cı il Dünya Startap Çempionatı) beynəlxalq startap müsabiqəsində uğurla təmsil olunub.

Dünyanın 24-dən çox ölkəsindən 60-dan çox startapın iştirak etdiyi müsabiqədə ADNSU-nu təmsil edən AIRT layihəsi dərin texnologiyalar və mühəndislik kateqoriyası üzrə I yerə layiq görülüb.

Müsabiqə çərçivəsində keçirilən sərgidə ADNSU 4 startap layihəsi ilə iştirak edib. AIRT və universitetin digər üç startapı beynəlxalq auditoriyaya təqdim olunub. Komanda üzvləri müxtəlif ölkələrdən olan startapçılar, investorlar, mentorlar və innovasiya ekosisteminin nümayəndələri ilə görüşlər keçirərək layihələrin inkişafı və mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Müsabiqədə ADNSU-nun digər startapları da uğurlu nəticələr əldə ediblər. Student Startup Community “Təhsil texnologiyaları və təhsil” kateqoriyası üzrə III, SmartFix “Elm, İT və texnologiyalar (İdeya)” kateqoriyası üzrə V, Jobsim AI isə həmin kateqoriya üzrə VI yerə layiq görülüb.

Tədbirdə ADNSU-nu Startap və Texnologiya Transferi şöbəsinin aparıcı mütəxəssisi Qədim Qədimov, baş mütəxəssis Aysel Sadıqova, eləcə də tələbələr Aysu İbrahimxəlilova, Kamran Fətəliyev, Kənan Paşazadə, Elvin Hacızadə və Nemət Zərbiyev universiteti təmsil ediblər.

Sərgini Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin nümayəndələri də ziyarət edib. Səfirliyin nümayəndələri ADNSU-nun startap layihələri ilə tanış olub, universitet nümayəndələri və tələbələrlə görüşüblər.

2026-cı il Dünya Startap Çempionatı çərçivəsində təşkil olunan intensiv təlim proqramı, mentor görüşləri və təqdimatlar ADNSU komandalarına beynəlxalq startap ekosistemi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı yaradıb.

Qeyd edək ki, AIRT layihəsinin I yerə layiq görülməsi və ADNSU-nun 4 startap layihəsi ilə beynəlxalq sərgidə iştirakı universitetin innovasiya və sahibkarlıq potensialının beynəlxalq platformada təqdim olunması baxımından mühüm nəticədir.


Paylaş