Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) sədr seçkisi ilə bağlı hesabat-seçki konfransı keçirilib.
Tədbirdə ADNSU-nun Ümumi işlər üzrə prorektoru Elnur İsmayılov, universitetin struktur bölmə rəhbərləri, fakültə dekanları, tələbələr, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) baş katibi Fidan Həsənova, Tədbirlərin təşkili və protokol üzrə meneceri Bəxtiyar Quluzadə və digər əməkdaşlar iştirak ediblər.
Tədbirin əvvəlində prorektor Elnur İsmayılov çıxış edərək ölkəmizdə gənclərin inkişafına göstərilən diqqətdən, onların savadlı və layiqli vətəndaş kimi formalaşması istiqamətində həyata keçirilən dövlət proqramlarından bəhs edib. O, həmçinin, ATGTİ-nin, o cümlədən ADNSU TGT-nin fəaliyyəti, əldə etdiyi nailiyyətlər və gənclərin perspektivləri haqqında fikirlərini konfrans iştirakçıları ilə bölüşüb, gənclərə yeni-yeni uğurlar arzu edib və onların inkişafı üçün yaradılan şəraitdən maksimum yararlanmağı tövsiyə edib.
Daha sonra ADNSU TGT-nin əvvəlki sədri Cavanşir Abdullayev çıxış edərək rəhbərlik etdiyi dövr ərzində görülən işlərlə bağlı yekun hesabatını təqdim edib.
Konfransda həmçinin, ADNSU-nun Karyera Mərkəzinin direktoru Günəş Övsətova və ATGTİ-nin baş katibi Fidan Həsənova çıxış edərək Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti, əldə olunan uğurlar və gənclərlə birlikdə həyata keçiriləcək yeni layihələr barədə danışıblar.
ATGTİ-nin tədbirlərin təşkili və protokol üzrə meneceri Bəxtiyar Quluzadə isə təşkilatın nizamnaməsinə uyğun olaraq aparılmış seçki kampaniyası barədə məlumat verib və nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Elan olunmuş nəticələrə əsasən, ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin tələbəsi İntiqam Quliyev TGT-nin yeni sədri seçilib.
Yeni sədr İntiqam Quliyev çıxış edərək indiyədək olan təhsil və ictimai fəaliyyəti, eləcə də gələcək planları, yeni ideyaları və təşəbbüsləri barədə fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
Sonda yeni seçilmiş sədrə gələcək fəaliyyətində uğurlar arzulanıb, tələbə təşkilatının universitet həyatında daha da fəallaşması üçün təklif və planlar müzakirə olunub.