Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXIX Respublika Elmi Konfransı (NASCO29) keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti konfransda geniş tərkibdə iştirak edib. Universitetin müxtəlif struktur bölmələrini və elmi istiqamətlərini təmsil edən əməkdaşlar tədbirə qatılaraq elmi müzakirələrdə iştirak edib, öz tədqiqatlarının nəticələrini təqdim ediblər.
Konfransa ADNSU əməkdaşlarının müəllifliyi ilə hazırlanmış tezis və məqalələr də təqdim olunub. Bu iştirak universitetin elmi potensialının nümayiş etdirilməsi, gənc tədqiqatçıların elmi fəaliyyətinin təşviqi, eləcə də ali təhsil müəssisələri arasında akademik əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında tədris, elmi-tədqiqat və kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.