×

Xəbərlər

Xəbərlər 21 Jul 2025
ADNSU tələbələri Oksford Yay məktəbindən zəngin təəssüratlarla qayıdıblar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Oksford Universitetində keçirilən Yay məktəbi proqramından zəngin təəssüratlarla qayıdıblar.

Birləşmiş Krallığa çatdıqları ilk andan etibarən tələbələr səmimi şəkildə qarşılanıb və “tələbə səfirlər” adlandırılan xüsusi qrup tərəfindən dəstəkləniblər.

Yay məktəbi çərçivəsində keçirilən dərslər interaktivliyi və praktiki yönümlülüyü ilə seçilib. Tələbələr yaşıl enerji, startapların qurulması, davamlı innovasiyaların iqtisadiyyata təsiri kimi mövzular üzrə dərslərdə iştirak ediblər. Müxtəlif sahələrdən dəvət olunan qonaq spikerlər öz təcrübələrini bölüşərək gənclərə real biznes dünyasını daha yaxından tanıtmağa çalışıblar.

Bundan əlavə, proqram çərçivəsində tələbələr ictimai çıxış bacarığı, komanda işi, effektiv ünsiyyət kimi yumşaq bacarıqlar üzrə təlimlərdə iştirak ediblər. Bu bacarıqlar onların gündəlik kommunikasiya və qrup layihələrində uğurla tətbiq olunub.

Tələbələrin sözlərinə görə, proqramın ən böyük üstünlüyü yalnız nəzəri biliklərlə kifayətlənməməsi, biznes sahəsində uğur qazanmaq üçün ilk növbədə sahibkarlıq düşüncə tərzini formalaşdırması olub. Eyni zamanda dərhal praktik tətbiq imkanları sayəsində öyrəndikləri bilikləri real şəraitdə sınayıb, onların hansı çətinlik və ya rahatlıqla tətbiq olunduğunu müşahidə ediblər.

Dərslərlə yanaşı, sosial və mədəni tədbirlər də iştirakçıların təcrübəsini zənginləşdirib. Qayıq gəzintisi, Oksford kollec və kitabxanalarının ziyarəti, eləcə də şəhərin mədəni irsi ilə tanışlıq proqramın ən yaddaqalan məqamlarından olub.

Ən maraqlı məşğələlərdən biri isə Biznes simulyasiyası dərsi olub. Bu təlimdə tələbələr komandalar şəklində sahibkar rolunda çıxış edərək real biznes idarəetməsini simulyasiya ediblər.

Proqram boyunca göstərilən dəstəyə görə tələbələr universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar bu beynəlxalq təcrübədən yeni motivasiya və fərqli baxış bucağı ilə geri dönüblər. Tədrisin sonunda bütün iştirakçılar sertifikatla təltif olunublar.

Bu uğur, tələbələrin əzmini və ADNSU-nun beynəlxalq platformalarda artan nüfuzunu bir daha təsdiqləyir.


Paylaş