×

Xəbərlər

Xəbərlər 15 Sep 2025
UFAZ-ın tələbə və məzunları BP-nin yay məktəbində iştirak ediblər

Avqustun 1-dən 29-dək BP-nin Yay Sahə Təlimi həyata keçirilib. Proqram mütəxəssis mühazirələri və Azərbaycanın ən mühüm geoloji quruluşa malik ərazilərinə təşkil olunan sahə səfərləri ilə yadda qalıb. 18 iştirakçıdan 13-nü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbə və məzunları təşkil edib.

Bir ay davam edən intensiv proqram Qrand Valli Dövlət Universitetinin geoloqu, professor Con Veber və AMEA-nın Geologiya İnstitutunun alimi Elmira Əliyevanın rəhbərliyi ilə baş tutub. İştirakçılar “Struktur Geologiya” üzrə dərsləri aparan Con Veberdən geoloji strukturların müəyyənləşdirilməsi, ölçülməsi və rəqəmsal analizi sahəsində yeni bacarıqlar əldə ediblər. “Sedimentologiya və Stratiqrafiya” üzrə təlimləri keçirən Elmira Əliyeva isə gənclərə qaya laylarının təhlilində və onların formalaşmasına təsir edən proseslərin anlaşılmasında dəstək olub.

BP Xəzər Mərkəzində keçirilən dərslər və sahə işləri çərçivəsində tələbələr, eyni zamanda, 3D modelləşdirmə üzrə qazandıqları nəzəri bilikləri praktiki şəkildə tətbiq ediblər. Sahə səfərləri Yasamal dərəsi, Şəkər əsası dağları, Daşgil palçıq vulkanı, Kirməki dərəsi, AzLab laboratoriyası, Xəzər sahili, Altıağac, Pirəkəşkül, Şorabad və Hacıqabul ərazilərində həyata keçirilib.

Proqramın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

İnanırıq ki, tələbə və məzunlarımız bu proqram sayəsində həm nəzəri, həm də praktiki sahədə dərin biliklər qazanıblar. Əminik ki, əldə etdikləri bu təcrübəni akademik və peşəkar fəaliyyətlərində uğurla tətbiq edəcəklər.


Paylaş