“AD Scientific Index” tərəfindən açıqlanan 2026-cı il üzrə “World Scientist and University Rankings” nəticələri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) üçün əlamətdar uğurla yadda qalıb. Reytinq cədvəlinə əsasən, ADNSU ölkənin ali təhsil müəssisələri arasında 2-ci yerə layiq görülüb və bununla da Azərbaycanda ən güclü elmi-tədqiqat mərkəzlərindən biri olduğunu təsdiqləyib.
Universitet ölkə üzrə ikinci olmaqla yanaşı, region üzrə 2441-ci, dünya üzrə isə 5651-ci sırada qərarlaşıb. Bu mövqe ADNSU-nun həm elmi potensialının, həm də son illərdə tədqiqat mühitinin gücləndirilməsi istiqamətində apardığı ardıcıl işlərin nəticəsi kimi qiymətləndirilir. Siyahıda Azərbaycanın 18 ali təhsil müəssisəsi yer alıb.
AD Scientific Index-in istifadə etdiyi metodologiya dünya üzrə ən açıq, şəffaf və tədqiqatçı yönümlü qiymətləndirmə mexanizmlərindən biri hesab olunur. Sistem alimlərin və universitetlərin elmi fəaliyyətini “Google Scholar” məlumat bazası əsasında ölçür və tədqiqatçıların həm ümumi (Career Impact), həm də son 5 ildəki (Recent Impact) elmi məhsuldarlığını ayrı-ayrılıqda təhlil edir. Buraya H-indeks, i10-indeks və sitat sayı kimi göstəricilər daxildir. Bu model sayəsində universitetlərin yalnız tarixi nüfuzu deyil, hazırkı elmi aktivliyi və real tədqiqat dinamizmi də obyektiv şəkildə görünür. “AD Scientific Index” digər qlobal reytinqlərin fərqli olaraq, qapalı məlumat bazalarından deyil, tamamilə açıq və yoxlanıla bilən göstəricilərdən istifadə edir və universitetləri bir “ümumi bal”a endirmədən, onların elmi performansını çoxölçülü yanaşma ilə təqdim edir.