×

Xəbərlər

Xəbərlər 08 Dec 2025
ADNSU “Green Metric 2025” reytinqində ciddi irəliləyiş əldə edib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nüfuzlu “GreenMetric World University Rankings 2025”-də əhəmiyyətli irəliləyiş əldə edib. Belə ki, ADNSU qlobal sıralamada 166 pillə yüksələrək həm yerli, həm də beynəlxalq ali təhsil müəssisələri arasında ən dinamik inkişaf göstərən universitetlərdən biri olub.

Agentlik tərəfindən açıqlanan yeni nəticələrə əsasən, ADNSU 2024-cü illə müqayisədə 2025-ci ildə 6457.5 bal toplayaraq (ötən il 5640 bal olub) 788-ci sıradan 622-ci yerə yüksəlib. Bu uğur universitetin ətraf mühitə məsuliyyət, resursların səmərəli idarə olunması və dayanıqlı akademik inkişaf sahələrində həyata keçirdiyi ardıcıl fəaliyyətlərin göstəricisidir.

Qeyd olunan yüksəliş idarəetmə strukturunun gücləndirilməsi, ətraf mühitə təsirlərin monitorinqinin yaxşılaşdırılması, resurs səmərəliliyinin artırılması və dayanıqlılıq üzrə təhsil imkanlarının genişləndirilməsi ilə əlaqədardır.

2024-dən 2025-ci ilə keçiddə ən böyük inkişaf su idarəetməsi sahəsində qeydə alınıb, bu göstərici 46.88% artaraq bütün dayanıqlılıq indikatorları arasında ən yüksək nəticəni göstərib. Bu artım universitetdə su idarəetməsi, səmərəlilik tədbirləri və suya qənaət mexanizmlərinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını göstərir.

İkinci ən böyük artım enerji və iqlim fəaliyyəti sahəsində müşahidə olunub, bu istiqamətdə 32.08% yüksəliş qeydə alınıb. Bu nailiyyət enerji səmərəliliyi təşəbbüslərinin gücləndirilməsi, bərpaolunan enerjiyə keçid tədbirlərinin genişləndirilməsi və iqlim yönümlü siyasətlərin tətbiqi nəticəsində ümumi ekoloji göstəricilərin yaxşılaşdığını təsdiqləyir.

Bu uğurlar ADNSU-nun ətraf mühitə davamlı məsuliyyət öhdəliyini bir daha nümayiş etdirir. Növbəti mərhələdə diqqət dayanıqlı dizaynın daha geniş tətbiqinə, bərpaolunan enerji inteqrasiyasının artırılmasına, tədqiqat potensialının genişləndirilməsinə, məlumatların şəffaflığının yüksəldilməsinə və “sıfır tullantı” strategiyalarının sürətləndirilməsinə yönəldiləcək.

Hazırki nəticələrə əsasən qeyd edək ki, ADNSU qlobal dayanıqlılıq sahəsində daha da yüksəlməkdə qərarlıdır.


Paylaş