Fevralın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetində (UFAZ) təhsil alan tələbələrlə görüş keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, valideyin və tələbələr iştirak edib. Tədbirdə UFAZ tələbələrinin birinci semestrdə göstərdikləri nəticələr müzakirə olunub.
UFAZ tələbələrinin nəticələrinin qənaətbəxş olduğunu deyən rektor, professor M.Babanlı 2-ci kursda tələbələrə 1-ci kursun nəticələrinə uyğun təqaüd ayrılacağını qeyd edib.
“UFAZ-la bağlı bir sıra planlarımız var. UFAZ yay məktəbinin təşkili ilə bağlı müəyyən təkliflərimiz var. Biz tələbələrin göstərdiyi nəticələrə adekvat cavab verməliyik. Tələbələri stimullaşdırmaq məqsədilə yüksək göstəriciləri olan tələbələri qiymətləndirəcəyik” – deyə professor, M.Babanlı bildirib.
Sonda semestr ərzində ən yüksək göstəricisi olan 5 nəfər UFAZ tələbəsinə sertifikat və mükafatlar təqdim olunub.