Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin nəzdində Heydər Əliyev Məktəbinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, millət vəkilləri, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov 28 May – Müstəqillik Gününün Azərbaycan dövlətçilik tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyünü qeyd edərək, xalqımızın azadlıq və müstəqillik ideallarına daim sadiq qaldığını bildirib. O, çıxışında müstəqilliyin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Daha sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım və millət vəkili Məşhur Məmmədov çıxış edərək 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu vurğulayıblar. Onlar müstəqillik illərində ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlərdən bəhs edərək, milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi xilaskarlıq missiyasından, ölkənin inkişafı və sabitliyinin təmin olunmasındakı tarixi xidmətlərindən geniş bəhs olunub.
ADNSU nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin direktoru, tələbə Sənan Hüseynov çıxışında gənclərin milli dəyərlərə və dövlətçilik ənənələrinə sadiq ruhda yetişdirilməsinin vacibliyindən danışıb. O, müstəqilliyimizin qorunmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu vurğulayaraq, bu istiqamətdə xüsusilə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Tədbirdə 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda tələbələrin sualları cavablandırılıb.