×

Xəbərlər

Xəbərlər 17 Nov 2026
ADNSU-nun rektoru I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında çıxış edib

Noyabrın 16-da Gürcüstanın paytaxtı Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov çıxış edib.

Gürcüstan Texniki Universitetində təşkil olunan konfransda Rüfət Əzizov ADNSU-nun fəaliyyəti, beynəlxalq əməkdaşlıq istiqamətləri və universitetin ali təhsilin beynəlmiləlləşdirilməsi sahəsində əldə etdiyi nəticələr barədə məlumat verib.

Rektor çıxışında universitetin akademik və elmi-tədqiqat potensialından, xarici ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramlarından, eləcə də beynəlxalq tərəfdaşlıq əlaqələrindən bəhs edib. O, ADNSU-da təhsil alan əcnəbi tələbələrin sayı və universitetin beynəlxalq tələbə kontingenti haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Rüfət Əzizov, həmçinin universitetin beynəlxalq ali təhsil məkanındakı mövqeyinə toxunaraq QS dünya universitetləri reytinqində əldə etdiyi nəticələr və beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər barədə danışıb.

Konfransda Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları və nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmi şəxslər Azərbaycan və Gürcüstan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin, birgə təhsil və tədqiqat təşəbbüslərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Konfrans çərçivəsində ali təhsilin beynəlmiləlləşdirilməsi, universitetlərarası akademik əməkdaşlıq, birgə elmi tədqiqatların inkişafı və yeni tərəfdaşlıq imkanları müzakirə olunub. İki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri tədbirin əsas müzakirə istiqamətlərini təşkil edib.


Paylaş