İyunun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyi şura üzvlərinə təqdim olunduqdan sonra təsdiq edilib. ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun sədrliyi ilə keçirilən iclasda universitetdə tədris prosesinin nəticələri, elmi fəaliyyətin mövcud vəziyyəti, qarşıda duran hədəflər və digər mühüm məsələlər müzakirə olunub.
Gündəlikdəki birinci məsələ ilə bağlı tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov yay məktəbinin təşkili barədə məlumat verib. Çıxışda yay məktəbinin məqsədləri, təşkili mexanizmləri, tədris prosesinin təşkili və tələbələrin bu proqramda iştirak imkanları barədə ətraflı məlumat təqdim olunub.
Daha sonra R.Məmmədov bakalavriat səviyyəsində kadr hazırlığı aparılan ixtisaslar üzrə mövcud tədris planlarının təhlili, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində nəzərdə tutulan dəyişikliklər və onların tədrisin keyfiyyətinin yüksəldilməsinə verəcəyi töhfələr diqqətə çatdırılıb.
Növbəti məsələ üzrə elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov UFAZ xətti ilə Fransada, ADNSU xətti ilə ikili diplom dövlət proqramı çərçivəsində təhsil almış şəxslərin, həmçinin QS və THE Dünya Universitetləri Reytinqlərində ilk 200-lükdə yer alan ali təhsil müəssisələrinin doktorantura məzunlarının ADNSU-da elmi-pedaqoji fəaliyyətə cəlb olunması qaydaları barədə təqdimatla çıxış edib. Məruzədə universitetin elmi potensialının gücləndirilməsi, beynəlxalq təcrübəyə malik kadrların universitetə cəlb olunması və bu istiqamətdə nəzərdə tutulan mexanizmlər haqqında məlumat verilib.
Gündəliyin növbəti məsələsi ilə bağlı E.İsmayılov Azərbaycan–Fransız Universitetinin məzunlarının Fransa universitetlərində doktorantura təhsili almaları üçün seçilməsi və maliyyələşdirilməsi qaydaları barədə məlumat təqdim edib. Çıxışda seçim meyarları, maliyyələşdirmə mexanizmləri və proqramın həyata keçirilməsinin əsas prinsipləri şura üzvlərinin diqqətinə çatdırılıb.
Daha sonra beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nigar Adilova ADNSU-nun 2026-cı təqvim ili üzrə beynəlmiləlləşmə və rəqabətlilik istiqamətində Fəaliyyət Planını təqdim edib. Təqdimatda universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qlobal akademik mühitdə mövqeyinin gücləndirilməsi, beynəlxalq layihələrdə iştirakın artırılması və strateji hədəflər ətrafında nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib.
Gündəlikdəki digər məsələ üzrə Ömürboyu Təhsil Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəşad Şıxıyev mərkəzin yeni "Əsasnamə"sinin təsdiqi ilə bağlı təqdimatla çıxış edib. Məruzədə sənədin əsas müddəaları, mərkəzin fəaliyyət istiqamətləri və gələcək inkişaf perspektivləri barədə məlumat verilib.
Sonda Elmi katib, dosent İnqlab Əliyev dosent elmi adı verilməsi üçün Ali Attestasiya Komissiyasına sənədləri göndəriləcək iddiaçılar barədə məlumat təqdim edib və müvafiq namizədlərlə bağlı şura üzvlərini məlumatlandırıb.
Gündəlikdə yer alan bütün məsələlər Elmi Şura üzvləri tərəfindən müzakirə olunaraq müvafiq qərarlarla təsdiqlənib.
İclasın sonunda rektor Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı öz təklif və tövsiyələrini bildirib, qəbul edilmiş qərarların icrası ilə əlaqədar aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verib.