Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyət nəticəsində daha üç bakalavriat təhsil proqramı üzrə beynəlxalq akkreditasiya əldə edib. Belə ki, “Cihaz mühəndisliyi”, “Mexanika mühəndisliyi” və “Ekologiya mühəndisliyi” ixtisasları beynəlxalq akkreditasiya qurumu olan ASİİN-in qiymətləndirməsindən uğurla keçmişdir.
Bu uğur ADNSU-nun beynəlxalq keyfiyyət təminatı sahəsində əldə etdiyi nəticələrin davamıdır. Universitetdə son illər ərzində proqram akkreditasiyası istiqamətində sistemli iş aparılıb və indiyədək ümumilikdə 28 beynəlxalq proqram akkreditasiyası həyata keçirilib.
Beynəlxalq akkreditasiya təhsil proqramlarının məzmununun, tədris prosesinin, akademik heyətin, elmi-tədqiqat potensialının və məzun hazırlığının beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən mühüm keyfiyyət göstəricisidir. Bu status tələbələr üçün beynəlxalq səviyyədə tanınan təhsil imkanlarının genişlənməsinə, akademik mobilliyin inkişafına və məzunların qlobal əmək bazarında rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli töhfə verir.
ADNSU beynəlxalq keyfiyyət təminatı sahəsində fəaliyyətini davam etdirərək təhsil proqramlarının akkreditasiya əhatəsini daha da genişləndirməyi, tədrisin keyfiyyətini yüksəltməyi və universitetin qlobal akademik nüfuzunu möhkəmləndirməyi qarşıya əsas strateji hədəf kimi qoyur.