Azərabaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetinin (UFAZ) Kimya mühəndisliyi ixtisası üzrə müəllimi, ADNSU-nun ilə Strasburq Universiteti arasında həyata keçirilən kotutel doktorantura proqramının doktorantı Leyla Əliyeva Fransada doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Leyla Əliyeva Strasburq Universitetinin Charles Sadron İnstitutunda “Hidroksiapatit nanohissəciklərinin sintezi və mikrofluidik proseslər vasitəsilə hidroksiapatitlə gücləndirilmiş polimer mikroliflərin hazırlanması” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək kimya mühəndisliyi sahəsi üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.
Qeyd edək ki, Leyla Əliyeva təhsilini ADNSU ilə Strasburq Universiteti arasında həyata keçirilən kotutel (cotutelle) doktorantura proqramı çərçivəsində davam etdirib. Bu uğur universitetlər arasında elmi əməkdaşlığın və beynəlxalq ikili elmi rəhbərlik əsasında həyata keçirilən doktorantura proqramlarının səmərəli nəticələrindən biridir.