×

Xəbərlər

Xəbərlər 20 Jul 2026
ADNSU-nun 26 tələbəsi beynəlxalq səviyyəli “IT SkillSprint” təhsil proqramını uğurla başa vuraraq məzun olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eləcə də beynəlxalq tədris şirkəti Ironhack tərəfindən ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunan proqram çərçivəsində ADNSU tələbələri Data Analitikası və Süni İntellekt, Kibertəhlükəsizlik və Süni İntellekt, Veb Proqramlaşdırma və Süni İntellekt, həmçinin DevOps və Süni İntellekt istiqamətləri üzrə altı ay davam edən intensiv hazırlıq keçiblər.

Proqram müddətində iştirakçılar real layihələr üzərində çalışıb, beynəlxalq ekspertlərdən təlim alıb, hakatonlarda iştirak edərək praktiki bacarıqlarını inkişaf etdiriblər. Təlimləri uğurla başa vuran tələbələr beynəlxalq səviyyədə tanınan Ironhack sertifikatları ilə təltif olunublar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) tələbələri proqram çərçivəsində yüksək nailiyyətlər də əldə ediblər. Universitetin 3 tələbəsi hakatonda I yerə layiq görülən komandanın tərkibində yer alaraq uğurlu nəticəyə imza atıb. Bununla yanaşı, ADNSU-nun bir tələbəsi “Veb Proqramlaşdırma və Süni İntellekt” istiqaməti üzrə proqramı ən yüksək nəticə ilə başa vuraraq xüsusi mükafata layiq görülüb.

ADNSU tələbələrinin bu uğuru universitetdə informasiya texnologiyaları və süni intellekt sahəsində həyata keçirilən müasir tədris yanaşmasının, praktiki bacarıqların inkişafına göstərilən xüsusi diqqətin və tələbələrin beynəlxalq rəqabətqabiliyyətli mütəxəssis kimi hazırlanması istiqamətində görülən sistemli işlərin növbəti göstəricisidir.

Qeyd edək ki, “IT SkillSprint” proqramı rəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən yüksək ixtisaslı İT mütəxəssislərinin hazırlanmasını hədəfləyir. Altı ay davam edən bootcamp formatlı proqram çərçivəsində tələbələr real layihələr üzərində işləmək, peşəkar portfel formalaşdırmaq, hakatonlarda iştirak etmək, karyera sərgilərinə və şəbəkələşmə tədbirlərinə qoşulmaq imkanı əldə ediblər. Proqramın ilk mərhələsində ölkənin 9 ali təhsil müəssisəsindən 120 tələbə iştirak edərək məzun olub.


Paylaş