×

Xəbərlər

Xəbərlər 24 Jul 2026
ADNSU-nun 4 məzunu VI “Yüksəliş” müsabiqəsinin qalibi olub

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dörd məzunu da yer alıb.

Final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 nəfər qalib adını qazanıb. Onlardan Elbrus İbrahimov, Əlizadə Fərzəliyev, Əlizamin Mirzəyev və Ləman Cəlilova ali təhsillərinin müvafiq pillələrini ADNSU və Azərbaycan-Fransız Universitetində (UFAZ) başa vurublar.

Elbrus İbrahimov 1992-ci ildə anadan olub. ADNSU-da Menecment ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “PAŞA Real Estate Group” şirkətinə daxil olan “Absheron Hotel Group” MMC-də maliyyə meneceri vəzifəsində çalışır.

Əlizadə Fərzəliyev 1997-ci ildə anadan olub. ADNSU-da Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə bakalavriat, Dəniz neft-qaz qurğularının etibarlılığı və istismar səmərəliliyi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “National Oilwell Varco UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində layihə meneceri vəzifəsində çalışır.

Əlizamin Mirzəyev 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, ADNSU-da isə eyni ixtisas üzrə magistratura təhsili alıb. Hazırda “Kapital Bank” ASC-də filial müdiri vəzifəsində çalışır.

Ləman Cəlilova 2001-ci ildə anadan olub. Azərbaycan-Fransız Universitetində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat, ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda isə Kimya mühəndisliyi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “McKinsey & Company” şirkətində biznes analitik vəzifəsində çalışır.

Qeyd edək ki, müsabiqənin üç gün davam edən final mərhələsində namizədlərin idarəetmə bacarıqları fərdi və komanda tapşırıqları əsasında qiymətləndirilib. Qaliblər birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamına əsasən təsis edilib.


Paylaş