Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunlarından ibarət “Thunderbot” komandası “World Robot Caspian Cup 2026” beynəlxalq robototexnika yarışında yüksək nəticə göstərib. Komanda “Bots Combat” kateqoriyasında 30 kq və 15 kq çəki dərəcələri üzrə birinci yerə layiq görülüb.
“Thunderbot” komandasının üzvləri Paşa Rüstəmov, Səxavət Yahyayev və Elvin Mirzəzadə Mexatronika və robototexnika mühəndisliyi, Yusif Kərimli isə Energetika fakültəsinin Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ADNSU məzunlarıdır. Komanda artıq üç ildir ki, “Technoxian World Cup” dünya çempionatında iştirak edir. İlk iştirak ilində milli komandalar arasında dünya birincisi olan “Thunderbot” növbəti il müvafiq kateqoriya üzrə beşinci yeri tutub.
“World Robot Caspian Cup 2026” yarışında qazandıqları qələbə nəticəsində komanda “10th Technoxian World Cup” dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib. Döyüş robotları kateqoriyası üzrə dünya çempionatının Taylandda keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “World Robot Caspian Cup” robototexnika, avtomatlaşdırma, süni intellekt və innovativ mühəndislik sahələrini əhatə edən beynəlxalq yarışdır. Müxtəlif ölkələrdən komandaların iştirak etdiyi müsabiqədə iştirakçıların texniki bilikləri, mühəndislik bacarıqları və komanda şəklində işləmək qabiliyyətləri real yarış şəraitində qiymətləndirilir.
“Bots Combat” kateqoriyasında komandaların hazırladığı döyüş robotlarının mexaniki konstruksiyası, elektron idarəetmə sistemləri, proqram təminatı və taktiki imkanları xüsusi arenada sınaqdan keçirilir.