×

Xəbərlər

Xəbərlər 27 Jul 2026
ADNSU-da Pakistan Təhsil Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nəzdində fəaliyyət göstərən Pakistan Təhsil Fondunun (PAK-EEF) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşün ilk hissəsi ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetində (UFAZ) baş tutub. Görüşdə PAK-EEF-in Baş direktoru Syeda Hajra Suhail, Baş texniki direktoru Mazhar Amir, Şirkət katibi Murad Shuaib Khan, ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, texnika üzrə fəlsəfə doktoru Nigar Adilova, UFAZ-ın Tədris departamentinin rəhbəri Səmra Şiriyeva və UFAZ-ın baş katibi Martin Godon iştirak ediblər.

Qonaqlara ADNSU-nun beynəlxalq nailiyyətləri, müasir tədris yanaşmaları və elmi-tədqiqat fəaliyyəti barədə məlumat verilib. ADNSU ilə Strasburq Universiteti arasında həyata keçirilən “Data Elmləri və Süni İntellekt” ikili magistr proqramı, eləcə də universitetdə təhsil alan pakistanlı tələbələr üçün yaradılmış imkanlar müzakirə olunub.

Tərəflər ADNSU ilə Pakistanın ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramlarının həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nümayəndə heyəti UFAZ-ın PARSEC superkompüteri və müasir laboratoriyaları, həmçinin ADNSU-nun MAGNUS Oyun İnkişafı Təlim Mərkəzi, Kibertəhlükəsizlik Laboratoriyası və Yüksək Performanslı Hesablama Mərkəzi ilə tanış olub.

Qonaqlara universitetin innovativ infrastrukturu, elmi-tədqiqat potensialı və tələbələr üçün yaradılmış müasir tədris mühiti barədə ətraflı məlumat təqdim edilib.


Paylaş