Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kompüter elmləri üzrə tədqiqat departamentinin dosenti Yusif İbrahimov iyunun 16-dan 26-dək Dr. Əli K. ilə birlikdə Fransanın Strasburq şəhərində elmi səfərdə olub.
Səfərin əsas məqsədi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yaradılması nəzərdə tutulan Süni İntellekt İnstitutunun gələcək fəaliyyət istiqamətləri üzrə beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsi, birgə tədqiqatların və tələbələrə elmi rəhbərlik mexanizmlərinin formalaşdırılması, ilkin eksperimentlərin aparılması və tərəfdaşlıq görüşlərinin keçirilməsi olub.
Səfər çərçivəsində nümayəndələr INSA Strasbourg, ICube Strasbourg və ICAM – Institut Catholique d’Arts et Métiers Strasbourg kimi mühəndislik məktəbləri və tədqiqat laboratoriyalarını ziyarət ediblər. Görüşlər zamanı süni intellekt, kompüter elmləri, elmi tədqiqatların sənaye ilə inteqrasiyası, tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunması və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Xüsusilə ICAM-da tətbiq olunan tədqiqat-sənaye əsaslı model, elmi fəaliyyətin praktik layihələrlə əlaqələndirilməsi və məhsuldar tədqiqat ekosisteminin qurulması təcrübəsi səfər iştirakçılarında böyük maraq doğurub.
Bununla yanaşı, Yusif İbrahimovun rəhbərlik etdiyi “Etibarlı izahların yaradılması üçün hibrid təkamül–qradiyent arxitekturası” adlı layihə 2026–2027-ci tədris ili üzrə UFAZ Tədqiqat Qrantına layiq görülüb. Layihə çərçivəsində yaxın zamanda tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunması və iştirakçı seçiminə başlanılması nəzərdə tutulur.