×

Xəbərlər

Xəbərlər 27 Jul 2026
ADNSU tələbəsi Çinin aparıcı universitetlərinin kampuslarını ziyarət edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbəsi Aylin Şiriyeva Çin Xalq Respublikasına şəxsi səfəri çərçivəsində Pekin və Şanxay şəhərlərində yerləşən bir sıra ali təhsil müəssisələrinin kampuslarını ziyarət edib.

ADNSU tərəfindən təqdim olunan dəstək məktubu əsasında əvvəlcədən razılaşdırılmış ziyarətlər zamanı tələbə Pekin Kimya Texnologiyaları Universiteti və Şanxay Jiao Tong Universitetinin kampusları, tədris infrastrukturu, beynəlxalq proqramları və tələbələr üçün yaradılan imkanlarla tanış olub.

Görüşlərdə Çində magistratura təhsili, beynəlxalq tələbələr üçün qəbul imkanları və gələcək akademik inkişaf perspektivləri barədə məlumat verilib.

Aylin Şiriyeva, həmçinin Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyini ziyarət edib. Görüş zamanı Çində təhsil imkanları, ali məktəblərə qəbul prosesi və tələbələrin akademik inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Kampus ziyarətləri tələbənin Çin ali təhsil sistemi ilə yaxından tanış olması və gələcək təhsil imkanları barədə məlumat əldə etməsi baxımından faydalı olub.


Paylaş