×

Xəbərlər

Xəbərlər 06 Aug 2026
ADNSU doktorantının məqaləsi nüfuzlu Q1 jurnalında dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universitetinin birgə doktorantı, Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Kamal Bayramovun elmi məqaləsi geologiya sahəsində dünyanın nüfuzlu elmi nəşrlərindən biri olan “Journal of Structural Geology” (Q1) jurnalında dərc edilib.

" Üç oxlu deformasiyaya uğramış məsaməli lavalarda məsamə həndəsəsinin və istiqamətinin sıxılma lokalizasiyasına təsiri " adlı məqalədə məsaməli vulkanik süxurların sıxılma şəraitində davranışına məsamələrin forması və istiqamətinin təsiri araşdırılıb. 

Tədqiqat çərçivəsində məsaməli lava nümunələri üzərində üçoxlu (triaxial) deformasiya təcrübələri aparılıb. Alınan nəticələrin məsamələrin müxtəlif istiqamətlərdə yerləşməsi süxurların möhkəmliyinə, deformasiya mexanizmlərinə və sıxılma zolaqlarının formalaşmasına əhəmiyyətli təsirləri müəyyən olunub. 

Araşdırma həmçinin vulkanik süxurların mexaniki davranışının daha dərindən öyrənilməsinə mühüm töhfə verməklə yanaşı, vulkanların dayanıqlığının qiymətləndirilməsi, məsaməli geoloji mühitlərdə maye axınının modelləşdirilməsi və geoloji materialların deformasiya proseslərinin izahı baxımından da elmi əhəmiyyət daşıyır.

Qeyd edək ki, elmi iş Ecole et Observatoire des Sciences de la Terre (EOST), Institut Terre et Environnement de Strasbourg (ITES), UFAZ və ADNSU arasında beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilib.  

Xatırladaq ki, “Journal of Structural Geology” geologiya və struktur geologiyası sahəsində yüksək elmi nüfuza malik, Q1 kateqoriyalı beynəlxalq elmi jurnallardan biridir. Məqalənin bu jurnalda dərc olunması həm doktorantın elmi fəaliyyətində mühüm nailiyyət, həm də ADNSU-nun beynəlxalq elmi əməkdaşlıq və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində həyata keçirdiyi fəaliyyətin uğurlu nəticələrindən biri kimi qiymətləndirilir. 


Paylaş