×

Xəbərlər

Xəbərlər 13 Aug 2026
ADNSU ilə Geologiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

Avqustun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

ADNSU-da keçirilən görüşdə ADNSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov, Yer elmləri kafedrasının müdiri Elşən Abdullayev və SABAH Mərkəzinin Neft-qaz geologiyası üzrə proqram rəhbəri Rəşad Abbasov, həmçinin Geologiya İnstitutunun direktoru, texnika elmləri doktoru Elçin Vəliyev, akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvü Qərib Cəlalov, t.f.d. Samir Məmmədov və Əzizağa Əliyev iştirak ediblər.

Görüş zamanı geologiya və yer elmləri istiqamətində elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, tərəflərin elmi və texniki potensialından birgə istifadə imkanları müzakirə olunub. Həmçinin laboratoriya infrastrukturundan qarşılıqlı istifadə, birgə tədqiqatların aparılması, elmi layihələrin hazırlanması və müxtəlif tədqiqat istiqamətləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda ADNSU ilə Geologiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, memorandum tərəflər arasında birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsini, laboratoriyalardan qarşılıqlı istifadəni, birgə elmi layihələrin hazırlanmasını və beynəlxalq layihələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsini nəzərdə tutur. Sənəd çərçivəsində tərəflərin beynəlxalq elmi layihələrdə birgə iştirak etməsi və müvafiq qrant proqramlarına birgə müraciətlərin hazırlanması da planlaşdırılır.

Anlaşma Memorandumu ADNSU və Geologiya İnstitutunun elmi potensialının və infrastruktur imkanlarının birləşdirilməsi, yeni tədqiqat istiqamətlərinin formalaşdırılması və yer elmləri sahəsində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edəcək.


Paylaş