Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Start-up və TTO şöbəsinin əməkdaşlığı ilə SABAH.HUB tərəfindən tələbələr üçün rəqəmsal inkubasiya proqramı həyata keçirilib.
Ümumilikdə 104 tələbənin qəbul olunduğu təlimlər, praktiki tapşırıqlar və layihə fəaliyyəti ilə zəngin proqramı 32 iştirakçı uğurla tamamlayıb.
İştirakçılar proqram çərçivəsində 13 modul üzrə sahibkarlığın əsasları, komanda vizyonunun formalaşdırılması, problemin müəyyənləşdirilməsi, istifadəçi ehtiyaclarının araşdırılması, ideyaların formalaşdırılması və yoxlanılması, prototiplərin hazırlanması və sınaqdan keçirilməsi, həmçinin biznes modeli, bazarın ölçüsü və artım potensialının qiymətləndirilməsi, maliyyə, marketinq, bazara çıxış strategiyaları və investor qarşısında təqdimat kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Proqramın yekun mərhələsində iştirakçılar tərəfindən hazırlanmış 9 layihə təqdim olunub. Layihələrin hazırlanması tələbələrə proqram müddətində qazandıqları bilikləri praktikada tətbiq etmək, innovativ ideyalarını inkişaf etdirmək və onların real biznes potensialını qiymətləndirmək imkanı yaradıb.
Qeyd edək ki, aprel–avqust aylarını əhatə edən proqramın əsas məqsədi universitetdə innovasiya və sahibkarlıq ekosisteminin inkişafına töhfə vermək, tələbələrin sahibkarlıq üzrə bilik və bacarıqlarını artırmaq, onların innovativ ideyalarını inkişaf etdirmələri üçün əlverişli mühit yaratmaq olub.
SABAH.HUB tərəfindən ADNSU-da həyata keçirilən rəqəmsal inkubasiya proqramı tələbələrin sahibkarlıq və innovasiya potensialının inkişaf etdirilməsi, yeni ideyaların formalaşdırılması və tələbə layihələrinin dəstəklənməsi istiqamətində mühüm təşəbbüslərdən biri olub.