Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən “Silicon Valley International Invention Festival – SVIIF 2026” beynəlxalq innovasiya festivalında uğurla çıxış edərək Gümüş medal qazanıb.
Ölkəmiz festivalda 8 innovativ layihə ilə təmsil olunub və təqdim olunan bütün layihələr mükafata layiq görülüb. Milli komanda 3 qızıl, 3 gümüş və 2 bürünc medal, həmçinin “Semi-Grand Prix” xüsusi mükafatını qazanıb.
Azərbaycan nümayəndə heyətinin tərkibində ADNSU-nu SABAH mərkəzinin rəhbəri Arzu İbrahimova, SABAH qruplarının “Süni intellekt” ixtisaslaşması üzrə magistr tələbələri Cahid Cabizadə və Cavid Cəlilov təmsil ediblər.
ADNSU komandası festivalda “ECHRON” innovativ layihəsini təqdim edib. Layihə beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək SVIIF 2026-nın gümüş medalına layiq görülüb.
Qeyd edək ki, 14–16 avqust tarixlərində ABŞ-ın Kaliforniya ştatında keçirilən festival dünyanın müxtəlif ölkələrindən ixtiraçıları, alimləri, tələbələri, universitet nümayəndələrini və innovasiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirib. Bu il SVIIF-də 30-dan çox ölkədən 500-dən artıq ixtiraçı iştirak edib.
ADNSU tələbələrinin Silikon Vadisi kimi dünyanın aparıcı texnologiya və innovasiya mərkəzlərindən birində layihə təqdim etməsi və beynəlxalq müsabiqədə medal qazanması universitetdə innovasiya yönümlü təhsil və tələbələrin elmi-texnoloji potensialının inkişafı istiqamətində aparılan işlərin nəticələrindən biridir.
ADNSU komandasının beynəlxalq festivalda qazandığı Gümüş medal universitet tələbələrinin innovativ ideyalarının qlobal səviyyədə təqdim olunması və qiymətləndirilməsi baxımından əhəmiyyətli nəticədir.