Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Nail Məmmədov və Aysu İbrahimxəlilova Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən Bootcamp proqramına qatılıblar.
14–15 avqust tarixlərində Qusar rayonunda keçirilən iki günlük proqramın əsas məqsədi gənclərin aqrar innovasiya və startap ekosisteminə cəlb edilməsi, süni intellekt və rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi olub.
Bootcamp çərçivəsində iştirakçılar startap ideyalarını təqdim edib, ekspert və mentorlarla fikir mübadiləsi aparıb, layihələrin inkişafı və kommersiyalaşdırılması ilə bağlı praktiki biliklər əldə ediblər. Proqramın tərkib hissəsi olaraq müxtəlif təsərrüfatlara infoturlar təşkil edilib, iştirakçılar aqrar sahədə mövcud problemlər və müasir texnologiyaların tətbiqi imkanları ilə tanış olublar.
ADNSU tələbələrinin proqramda iştirakı onların süni intellekt, innovasiya və aqrar texnologiyalar sahəsində praktiki biliklərinin artırılmasına, yeni layihə ideyalarının formalaşdırılmasına və potensial əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaradıb.