Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ödənişli əsaslarla təhsil alan tələbələr üçün təhsil haqqının ödənilməsi qaydalarında dəyişiklik edilib.
Yeni qaydaya əsasən, indiyədək yalnız yuxarı kurs tələbələrinə tətbiq olunan “50/50” ödəniş metodu 2026/2027-ci tədris ilindən etibarən birinci kurs tələbələrinə də şamil olunacaq.
Beləliklə, universitetə yeni qəbul olunan tələbələr illik təhsil haqqının 50 faizini payız semestrinin əvvəlində, qeydiyyat zamanı, digər 50 faizini isə yaz semestrinin başlanmasından əvvəl ödəyə biləcəklər. Tələbələr illik təhsil haqqını birdəfəlik ödəmək əvəzinə iki semestr üzrə hissə-hissə ödəmək imkanından yararlana biləcəklər.
Qərarın məqsədi birinci kurs tələbələri və onların valideynləri üçün təhsil haqqının ödənilməsi zamanı yaranan ilkin maliyyə yükünü azaltmaq və ödəniş prosesini daha əlçatan etməkdir.