×

Xəbərlər

Xəbərlər 28 Aug 2026
ADNSU SABAH qruplarının növbəti beynəlxalq uğuru

Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən XII Beynəlxalq İxtiralar Sərgisində (The 12th International Exhibition of Inventions – IEI 2026) Azərbaycan komandası uğurlu nəticə əldə edib.

Beynəlxalq əhəmiyyətli sərgidə 29 ölkədən 50-dən çox nümayəndə heyəti və 600-dən artıq elm, texnologiya və innovasiya nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində 3 700-dən çox yerli və beynəlxalq ixtira və innovasiya layihəsi nümayiş etdirilib.

Azərbaycan komandası sərgidə ümumilikdə 4 qızıl, 4 gümüş və 1 bürünc medal, həmçinin “Ali & Homa” xüsusi mükafatını qazanıb.

ADNSU SABAH qruplarının tələbə və məzunları da bu uğura mühüm töhfə veriblər. Belə ki, ADNSU SABAH Mərkəzinin rəhbəri Arzu İbrahimova, SABAH qruplarının məzunları Tuncay İsgəndərov və Nurlan Abdullayev, eləcə də “Süni intellekt” ixtisaslaşması üzrə magistr tələbələri Cavid Cəlilov və Cahid Cəbizadə tərəfindən birgə hazırlanaraq təqdim olunan “ECHRON” layihəsi qızıl medala və “Ali & Homa” xüsusi mükafatına layiq görülüb.

SABAH qruplarının tələbələri Xədicə Hüseynli “RingXCare”, Murad Qaramollayev isə “GeoShield” layihəsi ilə gümüş medal qazanıblar. Tələbələr sərgidə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak ediblər.

Üç gün davam edən sərgi elm, texnologiya və innovasiya sahəsində yeni ideyaların nümayişi, beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma olub.

Sərgini 100 mindən çox ziyarətçi izləyib, onlayn yayımlar isə 1 milyondan artıq baxış toplayıb.

ADNSU SABAH qruplarının tələbə və məzunlarının qazandığı bu nəticə gənclərin elm, texnologiya və innovasiya sahəsində yüksək potensialını, yaradıcı yanaşmasını və beynəlxalq səviyyəli layihələr hazırlamaq bacarığını bir daha nümayiş etdirir.


Paylaş