Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti, tədqiqatçı müəllim Sevda Rzayevanın elmi məqaləsi beynəlxalq nüfuzlu elmi nəşriyyat olan Elsevier nəşriyyatının “Materials Science in Semiconductor Processing” jurnalında dərc olunub.
Elmi məqalədə dəmirlə (Fe) funksionallaşdırılmış birdivarlı silisium-karbid (SiC) nanoboruların elektron, maqnit və hidrogen adsorbsiyası xüsusiyyətləri spin-polyarizasiyalı sıxlıq funksionalı nəzəriyyəsi və DFT+U metodu əsasında araşdırılıb.
Tədqiqat çərçivəsində Fe atomunun SiC nanoborularının elektron və maqnit xassələrinə təsiri, həmçinin H₂ molekulunun Kubas tipli qarşılıqlı təsir mexanizmi öyrənilib.
Əldə olunan nəticələr Fe ilə funksionallaşdırılmış SiC nanostrukturlarının hidrogen enerjisi, hidrogenin saxlanılması və yeni funksional nanomaterialların hazırlanması istiqamətində perspektivli tətbiq imkanlarına malik olduğunu göstərib.
Məqalənin beynəlxalq elmi jurnalda dərc olunması ADNSU-da aparılan elmi-tədqiqatların və universitet alimlərinin nanomateriallar, yarımkeçirici texnologiyalar və hidrogenin saxlanılması kimi aktual elmi istiqamətlər üzrə araşdırmalarının beynəlxalq səviyyədə təqdim edilməsi baxımından əhəmiyyətlidir.