×

Xəbərlər

Xəbərlər 04 Sep 2026
ADNSU-nun rektoru ODTU-da təlimlərdə iştirak edəcək professor-müəllim heyəti ilə görüşüb

Sentyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) keçiriləcək təlimlərdə iştirak edəcək professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə ADNSU əməkdaşlarının ODTU-da əldə edəcəkləri bilik və təcrübənin universitetin tədris və elmi-tədqiqat fəaliyyətində tətbiqi məsələləri müzakirə olunub.

Rektor, dosent Rüfət Əzizov professor-müəllim heyətinə təlimlərdən maksimum faydalanmaları, beynəlxalq təcrübəni öyrənmələri və əldə olunan yeni biliklərin universitetdə tətbiqi ilə bağlı tövsiyələrini çatdırıb. O, səfərin həmçinin ODTU ilə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Görüş zamanı laboratoriya fəaliyyətinin təkmilləşdirilməsi, akademik potensialın gücləndirilməsi və əldə ediləcək təcrübənin gələcəkdə sənaye ilə əməkdaşlığın inkişafına töhfə verməsi məsələlərinə də diqqət çəkilib.

Qeyd edək ki, ADNSU-nun Neft-kimya mühəndisliyi, Proseslərin təhlükəsizliyi mühəndisliyi, Neft-qaz mühəndisliyi və Cihaz mühəndisliyi kafedralarından 18 nəfər professor-müəllim heyəti 7–11 sentyabr tarixlərində Türkiyənin Ankara şəhərində ODTU-nun “Neft Araşdırmaları Mərkəzi”ndə təşkil olunacaq təlimlərdə iştirak edəcək.

Təlimlər TÜRKAK tərəfindən akkreditasiya olunmuş mərkəzdə keçiriləcək və sınaq və kalibrləmə laboratoriyalarının səriştəsi, səriştəlilik sınaqları, statistik metodların tətbiqi, eləcə də cihazlarla praktiki iş istiqamətlərini əhatə edəcək.

Proqram çərçivəsində ADNSU əməkdaşlarının ODTU-nun mərkəzi laboratoriyası və digər tədqiqat mərkəzləri ilə tanışlığı, həmçinin həmin mərkəzlərə səfərləri də nəzərdə tutulur.

Təlim səfərinin əsas məqsədi professor-müəllim heyətinin müasir laboratoriya və tədqiqat metodları üzrə bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və əldə olunan təcrübənin ADNSU-da tədris və elmi-tədqiqat fəaliyyətinə tətbiq edilməsidir.


Paylaş