×

Xəbərlər

Xəbərlər 08 Sep 2026
ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşlərinə başlanıb

Sentyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rəqəmsal Texnologiyalar Fakültəsi və Yer Elmləri və Neft Mühəndisliyi Fakültəsinin birinci kurs tələbələri ilə tanışlıq görüşləri keçirilib. 

Tədbirlərin əsas məqsədi tələbələri universitet mühiti, tədris prosesi, elektron xidmətlər, universitetin struktur bölmələrinin fəaliyyəti, tələbə təşkilatları və digər imkanlarla yaxından tanış etmək olub.

Görüşlərdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edərək tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara universitet həyatı və təhsil imkanları barədə məlumat verib. 

Görüş çərçivəsində ADNSU-nun fəaliyyəti və inkişaf istiqamətlərini əks etdirən tanıtım videosu nümayiş etdirilib. 

Daha sonra Rəqəmsal Texnologiyalar Fakültəsinin dekanı, professor Araz Əliyev fakültənin fəaliyyəti, tədris imkanları və tələbələri gözləyən perspektivlər barədə məlumat verib.

Yer Elmləri və Neft Mühəndisliyi Fakültəsində təşkil olunan tanışlıq görüşündə isə fakültənin dekanı Elşən Abdullayev fakültənin tədris və akademik imkanları barədə ətraflı məlumat verib. 

Görüşlərdə universitetin müvafiq struktur bölmələrinin nümayəndələri çıxış edərək tədris prosesinin elektron idarə olunması, akkreditasiya və keyfiyyət təminatı, beynəlxalq əməkdaşlıq, kitabxana-informasiya xidmətləri, tələbələrlə iş, psixoloji dəstək, karyera və məzunlarla əlaqələr istiqamətləri barədə tələbələrə məlumat veriblər.

Həmçinin Tələbə Həmkarlar İttifaqı, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin nümayəndələri çıxış edərək tələbələrin universitetin ictimai, elmi və sosial həyatında iştirak imkanlarından danışıblar.

Qeyd edək ki,  birinci kurslarla keçirilən görüşlər yeni qəbul olunmuş tələbələrin ADNSU-nun akademik və sosial mühitinə daha yaxından inteqrasiyasına, universitetin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat əldə etmələrinə xidmət edir.


Paylaş