Sentyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci kurs tələbələri ilə tanışlıq görüşləri davam edir.
Növbəti görüşlər universitetin Kimya Texnologiya və Sənaye Mühəndisliyi Fakültələrinin birinci kurs tələbələri ilə təşkil olunub.
Görüşlər zamanı tələbələrə ADNSU-da təhsil prosesi, universitetin fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılan imkanlar və elektron xidmətlər barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində ADNSU-nun fəaliyyəti, təhsil imkanları və inkişaf istiqamətlərini əks etdirən tanıtım videosu nümayiş etdirilib.
Kimya Texnologiya Fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova və Sənaye Mühəndisliyi fakültəsinin dekanı tələbələri təbrik edərək, fakültələrin tədris prosesi, ixtisaslar, tələbələr üçün yaradılan imkanlar barədə məlumat veriblər.
Görüşlərdə ADNSU-nun müxtəlif struktur bölmələrinin nümayəndələri də çıxış edərək tələbələri elektron tədris və idarəetmə sistemləri, keyfiyyət təminatı və akkreditasiya, beynəlxalq əməkdaşlıq, kitabxana xidmətləri, tələbələrlə iş, psixoloji dəstək, karyera imkanları və məzunlarla əlaqələr barədə məlumatlandırıblar.
Tələbə Həmkarlar İttifaqı, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin nümayəndələri isə tələbələrin universitetin ictimai, elmi və sosial həyatında fəal iştirak edə biləcəkləri istiqamətlərdən bəhs ediblər.
Qeyd edək ki, tanışlıq görüşləri yeni tələbələrin ADNSU-nun akademik və sosial mühitini yaxından tanımalarına, universitetin təqdim etdiyi imkanlardan səmərəli istifadə etmələrinə və tələbəlik həyatına daha rahat uyğunlaşmalarına şərait yaradır.