×

Xəbərlər

Xəbərlər 09 Sep 2026
ADNSU-da birinci kurs tələbələri ilə fakültələr üzrə tanışlıq görüşləri başa çatıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci kurs tələbələri ilə fakültələr üzrə keçirilən tanışlıq görüşləri başa çatıb.

Sonuncu görüşlər Energetika və Biznes və İdarəetmə fakültələrinin birinci kurs tələbələri ilə keçirilib.

Görüşlər zamanı ADNSU-nun rektoru, dosent Rüfət Əzizov tələbələri təbrik edərək, onlara ADNSU-da təhsil prosesi, universitetin fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılan imkanlar, elektron xidmətlər və tələbəlik həyatına dair müxtəlif məsələlər barədə məlumat verib.

Sonra fakültə dekanları- Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev və Biznes və idarəetmə fakültəsinin dekanı, dosent İlham Rüstəmov fakültələrin tədris prosesi, ixtisaslar, tələbələr üçün yaradılan imkanlar və universitet həyatında fəal iştirak imkanları ilə tanış ediblər.

Tədbir çərçivəsində ADNSU-nun fəaliyyəti, təhsil imkanları və inkişaf istiqamətlərini əks etdirən tanıtım videosu nümayiş etdirilib.

Görüşdə universitetin müxtəlif struktur bölmələrinin nümayəndələri də çıxış edərək tələbələrə elektron tədris və idarəetmə sistemləri, keyfiyyət təminatı və akkreditasiya, beynəlxalq əməkdaşlıq, kitabxana xidmətləri, tələbələrlə iş, psixoloji dəstək, karyera imkanları və məzunlarla əlaqələr barədə məlumat veriblər.

Tələbə Həmkarlar İttifaqı, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin nümayəndələri isə tələbələri universitetin ictimai, elmi və sosial həyatında fəal iştirak etməyə dəvət edərək mövcud imkanlar barədə məlumatlandırıblar.

Qeyd edək ki, sentyabrın 7-dən etibarən ADNSU-da fakültələrin birinci kurs tələbələri ilə görüşlər təşkil olunub. Görüşlərin keçirilməsində əsas məqsəd yeni tələbələrin universitetin akademik və sosial mühitinə daha yaxından tanış olmalarına, mövcud imkanlardan səmərəli istifadə etmələrinə və tələbəlik həyatına uyğunlaşmalarına dəstək olmaqdır.


Paylaş