×

Xəbərlər

Xəbərlər 09 Sep 2026
ADNSU-da “ENGINEXT 2026 - Mühəndislik düşərgəsi” keçirilir

Sentyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə II və III kurs bakalavr tələbələri üçün təşkil olunan “ENGINEXT 2026 – Mühəndislik düşərgəsi”nə start verilib.

Düşərgənin ilk günündə tələbələrin müxtəlif mühəndislik istiqamətləri üzrə nəzəri və praktiki biliklərinin artırılması, eləcə də onları real sənaye mühiti ilə tanış etmək məqsədilə təlim və şirkət səfərləri təşkil olunub.

İlk günün proqramında Aviasiya mühəndisi Mirxanım Ağalarova tərəfindən aviasiya mühəndisliyinə həsr olunmuş xüsusi təlim keçirilib. Təlim zamanı aviasiya mühəndisliyinin əsas istiqamətləri, müxtəlif mühəndislik sahələrinin təyyarələrin sistem və komponentlərinin təhlükəsiz və səmərəli fəaliyyətində rolu barədə tələbələrə məlumat verilib. Həmçinin “Azərbaycan Hava Yolları” (AZAL)-da mühəndis və texniki istiqamətlər üzrə təcrübə proqramları və karyera imkanları iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin davamı olaraq 20 tələbənin iştirakı ilə AZAL-a səfər təşkil edilib. Səfər zamanı tələbələr aviasiya sektorunun real iş mühiti ilə tanış olub, mühəndis və texniki heyətin fəaliyyəti, iş prosesləri və karyera imkanları barədə mütəxəssislərdən məlumat alıblar. Səfər iştirakçılara təlim zamanı əldə etdikləri bilikləri real iş mühiti ilə əlaqələndirmək imkanı yaradıb.

ENGINEXT 2026-nın digər 20 iştirakçısı isə “Azertexnolayn” MMC-yə səfər edib. Tələbələr şirkətin Çuqun Tökmə Zavodu və Polietilen Məmulatları Zavodunun fəaliyyəti ilə tanış olublar. İstehsalat proseslərini yerində müşahidə edən iştirakçılar müxtəlif mühəndislik istiqamətləri üzrə çalışan mütəxəssislərlə görüşərək onların peşə təcrübəsi, iş prosesi və sənayenin mühəndislərdən gözləntiləri barədə məlumat əldə ediblər.

Qeyd edək ki, ENGINEXT 2026 çərçivəsində keçirilən praktiki sessiyalar və şirkət səfərləri tələbələrin universitetdə qazandıqları biliklərin real sənaye prosesləri ilə əlaqələndirilməsinə, müxtəlif mühəndislik sahələri üzrə praktiki təcrübə əldə etmələrinə və gələcək karyera istiqamətləri barədə daha ətraflı məlumatlanmalarına imkan yaradır.


Paylaş