×

Xəbərlər

Xəbərlər 09 Sep 2026
ADNSU-nun həmtəşkilatçılığı ilə Tbilisidə “ICSCCW-2026” beynəlxalq elmi konfransı keçirilib

25–26 avqust 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) həmtəşkilatçılığı ilə “Yumşaq hesablamalar, sözlərlə hesablama, qavrayış və süni intellektin nəzəriyyəsi və tətbiqləri üzrə 13-cü Beynəlxalq Konfrans” (ICSCCW-2026) keçirilib. Görkəmli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadənin xatirəsinə həsr olunan beynəlxalq elmi forum dünyanın müxtəlif ölkələrindən alim və tədqiqatçıları bir araya gətirib.

Konfrans Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Zadə İrsi və Süni İntellekt” Assosiasiyası, Gürcüstan Milli Elmlər Akademiyası, Gürcüstan Texniki Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu, eləcə də dünyanın nüfuzlu elmi və ali təhsil müəssisələrinin əməkdaşlığı ilə təşkil olunub. Təşkilatçılar sırasında ABŞ-nin Texas Universiteti və Corciya Dövlət Universiteti, Kanadanın Alberta və Toronto universitetləri, Polşa Elmlər Akademiyasının Sistem Tədqiqatları İnstitutu, Kiprin Yaxın Şərq Universiteti, Almaniyanın Zigen Universiteti və digər elmi qurumlar yer alıb.

Konfransda ADNSU-nu universitetin elm və innovasiya məsələləri üzrə prorektoru dosent Elviz İsmayılov, ADNSU ilə Corciya Dövlət Universitetinin birgə MBA proqramının professoru Rafiq Əliyev, MBA proqramları üzrə direktor müavini professor Lətafət Qardaşova, həmçinin Startap və Texnologiya Transferi şöbəsinin müdiri Əhməd Əhmədzadə təmsil ediblər.

ICSCCW-2026-nın sədri professor Rafiq Əliyev, həmsədrləri isə professor Yanuş Katspşik və professor Vitold Pedriç olub. Professor Rafiq Əliyev ADNSU ilə ABŞ-nin Corciya Dövlət Universitetinin birgə MBA proqramını təmsil edərək konfransda “İkinci tip Z-ədədlərinə doğru” mövzusunda əsas məruzə ilə çıxış edib.

Konfransın açılışında professor Rafiq Əliyev Lütfi Zadənin elmi irsinin müasir süni intellekt, qeyri-səlis məntiq və qərar qəbuletmə sistemlərinin inkişafındakı rolundan danışıb. Onun təşəbbüsü ilə iştirakçılar 2017-ci ildə vəfat edən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Professor Rafiq Əliyev yumşaq hesablama və qeyri-səlis məntiq metodlarının müasir texnologiyalarda, sənaye sistemlərində və qərarların qəbulu proseslərində getdikcə daha geniş tətbiq olunduğunu vurğulayıb.

ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın Beynəlxalq Proqram Komitəsinin üzvü olub və plenar məruzələrdən birinə sədrlik edib. Konfrans proqramında onun həmmüəllifi olduğu süni intellekt, robotların idarə olunması və qeyri-səlis diaqnostika istiqamətində tədqiqatlar da yer alıb. Professor Lətafət Qardaşovanın əsas elmi istiqamətləri sırasında süni intellekt, qərar qəbuletmə nəzəriyyəsi, qeyri-səlis məntiq, Z-ədədlər nəzəriyyəsi və yumşaq hesablama texnologiyaları yer alır.

ADNSU-nun digər tədqiqatçıları da ICSCCW-2026-nın elmi proqramında təmsil olunublar. Universitetin Startap və Texnologiya Transferi şöbəsinin müdiri Əhməd Əhmədzadənin “Xarici plagiatın aşkarlanması üçün miqyaslana bilən mətnin ilkin emalı: böyük verilənlər və paralel emal yanaşması” mövzusunda tədqiqatı konfransın “Yumşaq hesablamalar və süni intellekt” istiqaməti üzrə sessiyasında təqdim olunub. Əhməd Əhmədzadənin elmi maraqları tətbiqi süni intellekt, maşın öyrənməsi, robototexnika və təbii dilin emalı texnologiyaları əsasında plagiatın aşkarlanmasını əhatə edir.

Gürcüstan Texniki Universitetinin prorektoru professor Tamar Lominadze çıxışında ICSCCW-2026 kimi beynəlxalq elmi forumların müxtəlif ölkələrdən aparıcı alimləri bir araya gətirməklə yeni elmi əməkdaşlıqların və birgə tədqiqat layihələrinin formalaşmasına imkan yaratdığını bildirib.

Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Vladimir (Lado) Papava isə süni intellekt və müasir rəqəmsal texnologiyaların inkişafında fundamental elmin, yeni riyazi yanaşmaların və beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

İki gün davam edən konfrans çərçivəsində 7 elmi bölmə üzrə müzakirələr aparılıb. Proqramda qeyri-səlis məntiq və Z-ədədlər, yumşaq hesablamalar, natamam informasiya şəraitində qərar qəbuletmə, maşın və dərin öyrənmə, süni intellekt alətləri, neyro-qeyri-səlis texnologiyalar, eləcə də süni intellektin mühəndislik, materialşünaslıq, iqtisadiyyat, maliyyə, tibb və digər sahələrdə tətbiqi ilə bağlı məruzələr təqdim olunub. Konfrans elmi müzakirələrin yekunlaşdırıldığı dəyirmi masa və bağlanış mərasimi ilə başa çatıb.

Qeyd edək ki, ICSCCW konfranslar seriyası 2001-ci ildən etibarən təşkil olunur və yumşaq hesablamalar, qeyri-səlis məntiq və süni intellekt sahəsində çalışan alim, mühəndis və tədqiqatçılar arasında beynəlxalq elmi əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır. ADNSU-nun ICSCCW-2026-nın əsas təşkilatçıları sırasında yer alması, universitet nümayəndələrinin və alimlərinin konfransda iştirakı universitetin süni intellekt və müasir hesablama texnologiyaları istiqamətində beynəlxalq elmi əməkdaşlığının genişlənməsinə töhfə verir.


Paylaş